08:41 17-07-2012
news_image
1051
DİGƏR NÖVLƏR

Hokkeyçilərimizin Avropa sınağı

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda 21 yaşınadək oğlanlar, 2 gün sonra isə qızlar arasında otüstü hokkey üzrə Avropa birinciliyi start götürəcək. Apasport.az-ın Otüstü Hokkey Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, hər 2 yarışda Azərbaycan milliləri mübarizə aparacaq.

Oğlan hokkeyçilərimiz ilk turda Cəbəllütariq yığması ilə qarşılaşacaqlar. Baş məşqçi Saleh Hüseynov və məşqçi Fərid Şahbazovun rəhbərlik etdiyi seçmə komandamız iyulun 18-də portuqaliyalılarla görüşəcək. Ertəsi gün həmyerlilərimiz 5 rəqibdən 3-cüsü olan Türkiyə təmsilçilərini sınağa çəkəcəklər.

Cümə axşamı mübarizəyə qoşulan qızlardan ibarət seçmə kollektivimiz baş məşqçi Ceyhun Mirzəyevin rəhbərliyi altında ilk turda yarış sahibləri – Portuqaliya hokkeyçiləri ilə güclərini yoxlayacaqlar. İyulun 20-də oğlanların yarışında istirahət günü olacaq. Həmin gün qızlardan ibarət komandamız II turda Türkiyə təmsilçilərinə gücünü göstərəcək. Şənbə günü oğlanlarımız Yunanıstan, qızlarımız isə İrlandiya yığması ilə qarşılaşacaq. İyulun 22-də qitə birinciliyinə yekun vurulacaq.

Son turda Saleh Hüseynovun yetirmələrinin Kipr hokkeyçiləri ilə oyundan sonra Avropa çempionatında tutacağı yeri müəyyənləşdirəcək.

Qeyd edək ki, oğlanların yarışında 6 iştirakçı dairəvi sistemlə mübarizə aparacaq və ilk yeri tutan komanda növbəti mövsümdən qitə çempionatının II divizionunda oynamaq hüququ qazanacaq. Qızların birinciliyində yarışan 4 iştirakçı da pley-off görüşlərindən (III – IV və I –II) sonra növbəti mövsümdən ( 2014-cü il) qitənin II divizionunda yarışacaq komandanın kimliyinə aydınlıq gətirəcək.