18:04 24-07-2012
news_image
1480
DİGƏR NÖVLƏR

® “Oriflame” şirkəti “Baku Open 2012”nin tərəfdaşı olmağını yüksək qiymətləndirir

“Rəsmi tərəfdaşlarından biri olduğumuz “Baku Open 2012” beynəlxalq turnirinə göstərdiyiniz diqqətə görə sizlərə minnətdarıq. Əslində, bugünkü mətbuat konfransına turnirin 1 nömrəli raketi olan Kseniya Pervak iştirak etməli idi. Ancaq təəssüf ki, son anda aldığı zədəyə görə o, tədbirə gələ bilmədi, eyni zamanda turnirdə çıxışını axıra kimi başa vura bilmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Baku Open 2012” beynəlxalq tennis turnirinin sponsoru olan “Oriflame” şirkətinin satış və marketinq üzrə meneceri Ziya Rəhbərli deyib. O, bu gün Bakı Tennis Akademiyasında keçirilən mətbuat konfransında iştirak etməli olan Kseniya Pervakın yoxluğuna aydınlıq gətirib. Bunu tennisçinin səhhətindəki problemlə əlaqələndirən Rəhbərli onun əvəzinə gələn Olqa Kuçkovaya və turnirin direktoru olan ötənlərin tanınmış tennisçisi Leyla Mesxiyə görə minnətdarlıq edib.

Şirkət meneceri Beynəlxalq Tennis Federasiyası ilə bağladıqları rəsmi müqaviləyə görə yüksək qiymət verdi: “Artıq 2 ildir bu əməkdaşlığımız var. Çox xoş təsadüfdür ki, bizim rəsmi müqavilə bağlamağımızdan sonra Bakıda bu beynəlxalq turnir keçirilməyə başladı. Bakı belə yarışa ev sahibliyi etməyi çox böyük hadisədir. Çox az şəhərlər belə imkana malikdir ki, paytaxtımız bu sıradadır. Keçən illə müqayisədə bu dəfə təşkilatçılıq daha yüksək səviyyədədir. Biz reytinqi yüksək olan tennisçilərin turnirdə yer almağını istərdik. Ancaq az sonra London Olimpiadasının startını nəzərə almalıyıq. Gələn il turnirdə ən yaxşı tennisçiləri görə və onları sizlərə təqdim edə biləcəyik. Azərbaycanda tennis o qədər populyar idman növü sayılmasa da, bu cür turnirlərin keçirilməyi ilə inkişaf görünür. Ümid edirəm ki, əməkdaşlığımız davamlı olacaq və bir tərəfdaş kimi əlimizdən gələni sərf edəcəyik”.

Rəhbərlik eyni zamanda təmsil olunduqları şirkət haqda da məlumat verib: “1967-ci ildə Robert və Yonus qardaşlarının yaratdığı “Oriflame” şirkəti İsveçindir və bu il 45 illik yubileyini qeyd edir. Onların idarəçilik prinsipləri tennis idman növü ilə sıx əlaqəlidir və bu dəyərlər əməkdaşlığımıza gətirib çıxarıb. “Oriflame” Azərbaycanda 14 ildir fəaliyyət göstərir. Bu müddət şirkətimizin bir çox uğurları qazanıb, yüz minlərlə müştəriləri var. Beynəlxalq qurumun keçirdiyi monitorinqinə əsasən “Oriflame” 2008-ci ildən kosmetika sahəsində 1 nömrəli brenddir. Uğurlar sadə formul üzərində qurulub və burada insanların yaxşı görünməyi, şirkətimizlə əməkdaşlıq nəticəsində əlavə pul qazanmaq imkanı yaranır. Bizim prinsiplər Beynəlxalq Tennis Federasiyasının prinsipləri ilə üst-üstə düşür”.