23:01 27-07-2012
news_image
1669
DÖYÜŞ NÖVLƏRİ

Ağayar Axundzadə Londonda da iddialıdır

“Cüdoda zəif rəqib yoxdur. Şübhəsiz, hər bir idmançımızın qələbəsi və medal qazanması haqqında düşünürük”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.

Təcrübəli mütəxəssis püşkatma barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, yetirmələrinin Olimpiadada ilk rəqibləri bilindikdən sonra əsas məqsəd onların döyüş üslublarını öyrənməkdir: “Daim diqqətli olmaq lazımdır. Cüdoda zəif və ya güclü rəqibdən çox, fənd tətbiq etməyə imkan verən andan istifadə həlledici olur. Təbii ki, rəqibin zəif və güclü tərəfini öyrənmək, onun sevdiyi və daha çox işlətdiyi fəndi bilmək lazımdır. Bu, qabaqcadan bəzi məqamlara hazır olmağa yaxşı kömək edir”.

Axundzadə yığmamızın üzvlərindən ilk olaraq tatamiyə çıxacaq 60 kq çəkidəki təmsilçisi İlqar Müşkiyevin “setka”sını da şərh edib: “İlqarın çəkisində favoritlərdən olan yapon cudoçusu Hiraoka onunla güləşəcək qrupda yer alıb. Əgər İlqar və Hiraoka ardıcıl qələbələrlə gedə bilsələr, onlar yarımfinalda üzləşəcəklər. Cüdoda hər çəkidə yarış əsas 2 xətt üzrə gedir. İlqarın qrupunda Ukraynadan olan Zantariya da yaxşı cüdoçudur. Onunla döyüş prinsipcə, hər ikisinin ardıcıl qələbələri zamanı 3-cü qarşılaşma ola bilər. Bu çəkidə favorit özbək Sabirov sayılır. Lakin hər şey tatami üzərində həllini tapacaq. İnşallah, yaxşı olacaq”.