10:23 03-08-2012
news_image
1723
DİGƏR NÖVLƏR

“Oriflame” “Baku Cup 2012” ilə tərəfdaşlığını yüksək qiymətləndirir

“Rəsmi tərəfdaşlarından biri olduğumuz “Baku Cup 2012” beynəlxalq turnirinə göstərdiyiniz diqqətə görə sizlərə minnətdarıq. Əslində, bugünkü mətbuat konfransında turnirin 1 nömrəli raketkası Kseniya Pervak iştirak etməli idi. Ancaq təəssüf ki, son anda aldığı zədəyə görə o, tədbirdə iştirak edə bilmədi. Eyni zamanda turnirdə çıxışını axıra kimi başa vura bilmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Baku Cup 2012” beynəlxalq tennis turnirinin sponsoru olan “Oriflame” şirkətinin Satış və Marketinq üzrə meneceri Ziya Rəhbərli deyib.

O, bu gün Bakı Tennis Akademiyasında keçirilən mətbuat konfransında iştirak etməli olan Kseniya Pervakın yoxluğuna aydınlıq gətirib. Bunu tennisçinin səhhətindəki problemlə əlaqələndirən Rəhbərli onun əvəzinə gələn Olqa Puçkovaya və turnirin direktoru olan ötənlərin tanınmış tennisçisi Leyla Mesxiyə minnətdarlıq edib.

Şirkət meneceri Beynəlxalq Tennis Federasiyası ilə bağladıqları rəsmi müqaviləyə yüksək qiymət verdi: “Artıq 2 ildir bu əməkdaşlığımız var. Çox xoş təsadüfdür ki, bizim rəsmi müqavilə bağlamağımızdan sonra Bakıda bu beynəlxalq turnir keçirilməyə başladı. Bakının belə yarışa ev sahibliyi etməsi çox böyük hadisədir. Çox az şəhərlər belə imkana malikdir ki, paytaxtımız bu sıradadır. Keçən il ilə müqayisədə bu dəfə təşkilatçılıq daha yüksək səviyyədədir. Biz reytinqi yüksək olan tennisçilərin turnirdə yer almağını istərdik. Ancaq London Olimpiadasını nəzərə almalıyıq. Gələn il turnirdə ən yaxşı tennisçiləri görə və onları sizlərə təqdim edə biləcəyik. Azərbaycanda tennis o qədər populyar idman növü sayılmasa da, bu cür turnirlərin keçirilməyi ilə inkişaf görünür. Ümid edirəm ki, əməkdaşlığımız davamlı olacaq və bir tərəfdaş kimi əlimizdən gələni edəcəyik”.

Rəhbərlik eyni zamanda təmsil olunduqları şirkət haqda da məlumat verib: “1967-ci ildə Robert və Yonas qardaşlarının yaratdığı “Oriflame” şirkəti İsveçindir və bu il 45 illik yubileyini qeyd edir. Onların idarəçilik prinsipləri tennis idman növü ilə sıx əlaqəlidir və bu dəyərlər əməkdaşlığımıza gətirib çıxarıb. “Oriflame” Azərbaycanda 14 ildir fəaliyyət göstərir. Bu müddət ərzində şirkətimiz bir çox uğurlar qazanıb, yüz minlərlə müştəriləri var. “Euromonitor” beynəlxalq təşkilatının keçirdiyi monitorinqə əsasən “Oriflame” 2008-ci ildən kosmetika sahəsində 1 nömrəli brenddir. Uğurlar sadə formul üzərində qurulub və burada insanların yaxşı görünməyi, şirkətimizlə əməkdaşlıq nəticəsində əlavə pul qazanmaq imkanı yaranır. Bizim prinsiplər Beynəlxalq Tennis Federasiyasının prinsipləri ilə üst-üstə düşür”.

Qeyd edək ki, Bakıda artıq ikinci dəfədir keçirilən qadınlar arasında WTA seriyalı turnirin çempionu Serbiya təmsilçisi Boyana Yovanovski olub.