23:01 10-08-2012
news_image
2378
DÖYÜŞ NÖVLƏRİ

2 güləşçimiz 1/8, digəri 1/16 finaldan başlayacaq

Londonda keçirilən Yay Olimpiya Oyunlarında bu gün xalçaya çıxacaq Azərbaycanın sərbəst güləşçilərin rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışa başlayacaq 3 idmançımızdan 2-si ilk mərhələdən azaddır. Digəri isə ilk cəhdini 1/16 finaldan edəcək.

60 kq çəki dərəcəsində mübarizə aparacaq Toğrul Əsgərov püşkə əsasən yarışa 1/8 final mərhələsindən başlayacaq. Avropa çempionumuz almaniyalı Tim Şleyçerlə qarşılaşacaq.

Digər güləşçimiz Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatılacaq. O, İbrahim Bölükbaşı (Türkiyə) ilə münasibətinə aydınlıq gətirəcək. Görüş saat 17:30-da başlayacaq.

Şərifovla Əsgərovdan fərqli, ən ağır çəkili pəhləvanımız Camaləddin Məhəmmədov (120 kq) 1/16 finalda qüvvəsini sınayacaq. Püşkdə bəxti gətirməyən idmançımız rusiyalı Bilal Maxovla güləşəcək. Bu qarşılaşma saat 17:00-da keçiriləcək.

Qeyd edək ki, Londona 6 idmançı ilə yollanan sərbəst güləş üzrə millimizin heyətində artıq Əşrəf Əliyev (74 kq) mübarizəni dayandırıb.