11:21 11-08-2012
news_image
1692
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli 2 pillə gerilədi

Beynəlxalq Cüdo Federasiyası London Olimpiadasının cüdo yarışları başa çatandan sonra yeni reytinq cədvəlini elan edib. Apasport.az saytının xəbərinə görə, cədvəldə ən çox diqqət çəkən məqam Olimpiadanın startındaca fiaskoya uğrayan Elnur Məmmədlinin (81 kq) mövqeyinin dəyişməsi olub.

London Olimpiadasına qədər reytinq cədvəlində 3-cü pillədə olan Elnur Olimpiadadan sonra iki pillə geriləyərək, 5-ci yerə düşüb. Olimpiya çempionu adını qazanan koreyalı Jae-Bum Kim aktivinə 600 xal toplayaraq, 1-ci pilləyə qalxıb. Pekində olimpiya çempionu olan almaniyalı Ole Bişof isə həlledici finalda məğlub olaraq, aktivinə 360 xal yazdırıb ki, bu da ona Olimpiadadan əvvəlki kimi yenə də 3-cü pillədə qərar tutmasına bəs edib. Daha bir maraqlı məqam isə startda (1/32 finalda) Elnuru üstələyən kanadalı Antonie Valios-Fortnerin 21-ci pillədən 11-ci yerə qalxmasıdı.

Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) Londonda xal toplamasa da, köhnə xalları sayəsində (860) cədvəldə 11-ci olub. Olimpiadada iki görüşü udub aktivinə 96 xal yazdıran Tərlan Kərimov (66 kq) 698 xalla 16-cı yerdə qərarlaşıb. Olimpiadaya güzəştli kartla yollanan və orada iki görüşdə qalib gələn Rüstəm Orucov (73 kq) isə 7-ci "onluq"dan birbaşa 21-ci pilləyə yüksəlib. London Olimpiadasında ilk iki görüşü udaraq 72 xal toplayandan sonra 1/4-də uduzan Elxan Məmədov (90 kq) 787 xalla 10-cu olub. London Olimpiadasına 34-cü pillədə yollanan Elmar Qasımov (100 kq) Olimpiadada qazandığı qələbələr sayəsində aktivindəki xallara 96 xal əlavə etməklə 22-ci yerə yüksəlib.

O ki, qaldı zəriflərimizə, Londonda startdaca uduzan Kifayət Qasımova (57 kq) 734 xalla 11-cidi. Londonda iki qələbə sayəsində 72 xal qazanan Ramilə Usubovasa (63 kq) 14-cü yerdə qərarlaşıb.