23:15 13-08-2012
news_image
10742
DÖYÜŞ NÖVLƏRİ

Anası: Toğrul bacılarına göz verib, işıq vermirdi

Olimpiya çempionu, sərbəst güləş yığmamızın üzvü Toğrul Əsgərovun anası İnarə Hüseynovanın apasport.az saytına müsahibəsi

- Oğlunuz London Olimpiadasında ilk qızıl medalımızı qazandırmaqla, bütün Azərbaycanı sevindirdi. Belə bir övlad böyüdən ananın fikirlərini eşitmək maraqlı olardı...
- Əlbəttə, oğlumun bu uğuruna çox sevinirəm. Ona çox inanırdım. İnanırdım ki, Londondan medal gətirəcək.

- Bu inam sizdən hardan idi?
- Çünki oğlum həqiqətən də çox qüvvətlidir. Bu səbəbdən də Toğrula inamım böyük idi.

- Toğrulun Londonda məhz qızıl, yoxsa digər əyarlı medalla qayıdacağına inanırdınız?
- Qızıl medal qazanacağına inanırdım.

- Oğlunuz Londona getməzdən öncə sizə qızıl qazanacağı barədə nəsə demişdimi?
- Bəli. Dedi ki, ana, evə olimpiya çempionu kimi qayıdacam. Vədinə əməl etdi.

- Bəs Toğrul finalda uduzsaydı, nə edərdiniz?
- Səmimi sözümdü, oğlumun qızıl qazanacağını gözləyirdim. Bir ana kimi, bununla fəxr edirəm. Bu qələbə hamıdan çox məni sevindirdi.

- Maraqlıdır, Toğrulun uşaqlığı necə keçib? Çoxmu dəcəl idi?
- Bəli, dəcəl idi. Hətta onu saxlamaq mümkün deyildi. O qədər cəldliyi, qoçaqlığı var idi ki...

- Məhəllədə çoxmu dava-dalaş edirdi?
- Yox, dalaşqan olmasa da, qoçaq idi.

- Məsələn?
- Dəqiq yadımda qalmayıb, ancaq çox idi. Uşaqlıdan idmana çox meylli idi.

- Əvvəllər heç fikirləşirdiniz ki, vaxt gələcək və oğlunuz belə uğurla tarixə düşəcək, bir anda məşhur sima olacaq?
- Nə bilim, Vallah. Bu haqda fikirləşmirdim.

- İki qızınız da var. Toğrul bacılarını incidirdimi?
- (gülür) Bacılarına göz verib, işıq vermirdi. Deyirdi ki, ana, onları evdən çölə çıxmağa qoyma. Bax, belə dəcəlliyi vardı.

- Tək oğul olduğu üçün onu ərköyün böyütməmisiniz ki?
- Yox. Toğrul ərköyün böyüməyib.

- Oğlunuzun çempion olması münasibətilə sizlərə təbriklər çox oldu. Bunlar arasında ilk, ən dəyərli hansı idi?
- Ən yaddaqalan təbrik babasından olub. O, Toğrulu çox istəyir və xeyir-duasını vermişdi. Bizi istəyənlərin hamısı təbrikə gəlmişdi. Hamı deyir ki, halal olsun, belə övlad böyütmüsünüz. Bizi istəyənlərin hamısı öz səmimi hisslərini bizimlə bölüşür.

- Toğrul üçün atasız böyümək çoxmu çətin olub?
- Xeyr, o, həyatda hər şeyi babasından alıb.

- Bundan sonra oğlunuzun həyatında böyük dəyişiklər olacaq. Bunu bir anlıq göz önünə gətirmisiniz?
- İnanırıq ki, hər yaxşı olacaq.

- Böyük mükafatlar Toğrulun həyatına necə təsir göstərə bilər?
- O, eyni fikirdə qalan uşaqdır.

- İnanırsınız ki, qazandıqlarının müqabilində yenə idmanla ciddi məşğul olub, böyük uğurlar qazanacaq?
- Allah qoysa, Toğrul yenə Olimpiadanı qazanacaq. O, bundan sonra 2 dəfə Olimpiya çempionu olacaq.

- Praktika göstərir ki, bəzi idmançılar pul görəndən sonra işlərinə ciddi yanaşmırlar...
- Toğrulun heç vaxt gözü pulda olmayıb. İnşallah, yenə uğur qazanacaq, Olimpiadada yenə qızıl qazanacaq.

- Toğrulu yaxın müddətdə evləndirmək fikriniz varmı?
- Yox. 20 yaşı var, hələ tezdir. O, Olimpiadanı bir dəfə də udacaq, sonra evlənəcək.

Mehman SÜLEYMANOV