12:06 15-08-2012
news_image
1069
DÖYÜŞ NÖVLƏRİ

Xetaq Qazyumov: Çıxışımı qeyri-qənaətbəxş sayıram

XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına bürünc medal qazandıran Xetaq Qazyumov çıxışını şərh edib. Apasport.az saytının məlumatına görə, 96 kq çəki dərəcəsində sərbəst növdə çıxış edən güləşçimiz 1/4 finalda ukraynalı idmançıya məğlubiyyətində əsas səbəb kimi səhhətində yarana problemi göstərib.

29 yaşlı Qazyumov Pekində qazandığı uğuru yaxşılaşdıra bilmədiyi üçün nəticəsindən razı qalmayıb. O, burada yarışın son gününün səhər tezdən başlamasının da rolu olduğunu deyib: “Həmin gün yarışın çox erkən başlamağı öz təsirini göstərdi. Çıxışımı qeyri-qənaətbəxş sayıram. Çünki mən həmişə qızıla köklənmişəm, çempion olmağa can atmışam. İndi nə baş verdiyini aydınlaşdıracağıq. Təzyiqimin niyə belə çox yüksəldiyini müəyyənləşdirəcəyik. Məndə heç vaxt belə problem olmayıb”.

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiadada Xetaqın 33 yaşı olacaq. Lakin idmançımız ardıcıl üçüncü dəfə mötəbər turnirin həyəcanın yaşamaq fikrindədir: “Karyeramı bitirməyə hazırlaşmıram. Əksinə, Olimpiadada məğlubiyyətim təsadüfi olduğunu sübut etmək istəyirəm. Növbəti Olimpiya Oyunlarında çıxış etmək fikrindəyəm. Çünki indi sübut etməyə nəsə var”.