13:11 15-08-2012
news_image
2178
DÖYÜŞ NÖVLƏRİ

Məhəmmədrəsul Məcidov: Ona çətin olacaq – MÜSAHİBƏ

London Olimpiadasında bürünc medal qazanan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun (+91 kq) apasport.az saytına müsahibəsi

- Londonda boksçularımızın çıxışını necə dəyərləndirərdiniz?
- Olimpiada ilə bağlı təəssüratlarım yaxşıdır. Fikrimcə, komandamız yaxşı çıxış etdi. Hər şey qaydasındadır. Boks yığmamız Olimpiya Oyunlarından 2 bürünc medalla qayıtdı.

- Amma sizdən dünya çempionluğundan sonra qızıl medal gözləyirdilər...
- Mən də Olimpiadaya qızıl ardınca yollanmışdım. Ancaq belə alındı ki, bürünc medal əldə etdim. Çempion ola bilmədiyim üçün çox təəssüflənirəm. Hər halda, bürünc medal da yaxşı nəticədir. Əsas odur ki, Olimpiadanın mükafatçısı olmuşam.

- Finala çıxmağınıza nə mane oldu?
- Yarımfinalda elə alındı ki, hakimlər rəqibimin qalib olduğunu qərara aldılar. Halbuki, hamı fikirləşirdi ki, mən qalib gəlmişəm. Hesab edirəm ki, hakimlər qeyri-obyektiv qərar çıxardılar və bu üzdən uduzub finala çıxa bilmədim.

- Sizə yarımfinalda qalib gələn italiyalı boksçu Roberto Kammarelle Olimpiadanın finalından sonra karyerasını başa vurduğunu açıqlayıb. Maraqlıdır ki, o da məğlubiyyətində hakimləri günahlandırıb...
- Bunu bilmirəm. Ola bilər ki, karyerasını başa vurub. Əgər belədirsə, bu, onun üçün yaxşı oldu. Həmin rəqiblə yenə üzləşsəm, ona çətin olacaq.