18:00 16-08-2012
news_image
2906
DÖYÜŞ NÖVLƏRİ

“O, psixoloji durumuna görə idmandan ayrılmışdı” - MÜSAHİBƏ

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı Namiq Abdullayevin apasport.az saytına müsahibəsi

- Olimpiya çempionu kimi idmançılarımızın London-2012-də çıxışlarını necə dəyərləndirirsiz?
- Bildiyiniz kimi, idmançılarımız bu möhtəşəm yarışa 53 lisenziya qazanmışdılar. İnanırdım ki, onların hər biri gücünü ortaya qoyub, maksimum medal qazanacaq. Belə bir yaradılmış şərait də bunu deməyə əsas verir. Komandamız Londonda uğurlu çıxışı ilə hər birimizi, xalqımızı sevindirdi.

- Olimpiadada qazanılan 10 medaldan 7-si isə güləşçilərimizin payına düşdü...
- Qeyd edərdim ki, Güləş Federasiyası tərəfindən yaradılan şərait öz sözünü deməyə bilməzdi. 2 qızıl medal sərbəst güləşçilərimizin payına düşdü. Bu, böyük uğurdur. Yeni Olimpiya çempionları idman tariximizə öz adlarını qızıl hərflərlə yazdılar. Rövşən Bayramov gümüş, gənc güləşçimiz Emin Əhmədovla Xetaq Qazyumov bürünc medal qazandı. Bununla yanaşı, qadın güləşçilərimizdən Mariya Stadnik ikinci, Yuliya Ratkeviç üçüncü yeri tutdu. Bəli, ümumilikdə, 7 medal oldu. Bu böyük bir fəxrdir, böyük bir uğurdur.

- Təbii ki, yeni Olimpiya çempionlarımızın olması gənc nəslin inkişafına təkan verəcək. Sizcə, onlar öz titullarını qoruya biləcəklərmi?
- İnanıram ki, bu ənənə davam etdiriləcək və qarşıdakı yarışlarda daha çox qızıl medal qazanacaqlar.

- Olimpiada mükafatçımız Rövşən Bayramov sizin kimi dördilliyin ən mötəbər yarışında 1 qızıl və 1 gümüş medal qazanmağa və uğurunuzu təkrarlamağa yaxın idi. Lakin finalda iranlı güləşçiyə uduzmaqla, bu şansı qaçırdı. Buna münasibətiniz necədir?
- Əlbəttə, Bayramov barədə çox şeylər danışmaq olar. Bu, Rövşənin böyük bir uğurudur. O, müəyyən məsələlərə - psixoloji durumuna görə idmandan ayrılmışdı. Məşqçilərimiz onu sonradan idmana qaytardılar. Deyərdim ki, Bayramovun ikinci finalda iştirakı çox böyük uğurdur. Əlbəttə, bu, asan deyil. Biz Rövşənin gələcək yarışlarda da öz sözünü deyəcəyinə inanırıq. Olimpiya Oyunlarında 2 dəfə finala yüksəlməyin özü böyük nailiyyətdir. Düzdür, İran güləşçisi bir neçə dəfə dünya çempionu adını qazanıb. Amma Olimpiadada medal əldə etməmişdi. O, çox iddialı idi ki, Olimpiya çempionu olsun və bu istəyinə də çatdı.