15:05 22-08-2012
news_image
2749
STOLÜSTÜ OYUNLAR

Erməni etirafı: Azərbaycan ən güclülər arasındadı

Ermənistanlı qrossmeyster Levon Aronyan avqustun 27-də İstanbulda start götürəcək şahmat Olimpiadasında favoritlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Aronyan Azərbaycan millisinin yarışın güclülər arasında olmasını etiraf edib.

Dünya reytinq cədvəlində 2-ci sırada yer alan zəka sahibi həmyerlilərimizlə yanaşı, daha 5 ölkə favorit sayır: “Son illər Azərbaycan milli komandası ən güclülər sırasına qoşulub. Yarışın favoritləri sırasında, həmçinin Rusiya, Ukrayna, ABŞ, İsrail və Çin də var”.

Bakının namizədliyini verdiyi, lakin sonradan onun yarışdan imtinası səbəbindən yeri dəyişdirilən iddiaçılar turnirindən fərqli, qonşu Türkiyədə oynamağa razı olan Aronyan bunu belə əsaslandırıb: “Bakı və İstanbul fərqli şəhərlər, fərqli ölkələrdir. Biz İstanbulda oynamağı sevirik. Həmişə də orada uğurlu çıxış etmək istəyimiz böyük olur”.

Artıq İstanbulda olan Levon bildirib ki, o yarışa yollandığı şəhərlərə bütün rəqiblərindən tez getməyi xoşlayır: “Rəqiblərimizlə müqayisədə İstanbula hamıdan əvvəl gəlməyim heç də təsadüfi deyil. Çünki mən həmişə yarış keçirilən yerə birinci gedirəm. Təşkilatçı şəhəri öyrənməyi, oranın ab-havasına uyğunlaşmağı sevirəm”.

Qeyd edək ki, Olimpiada sentyabrın 10-a kimi davam edəcək.