17:05 05-09-2012
news_image

Güləşçilərimizdən daha 2 qızıl və 1 bürünc medal

Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatının ikinci gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.

Fəxri kürsüyə yüksələnlər arasında Azərbaycan millisinin 3 pəhləvanı yer alıb, onlardan 2-si himnimizi səsləndirib. Belə ki, 55 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Eldəniz Əzizli bütün rəqiblərinə qalib gələrək, dünya çempionu tituluna yiyələnib. 1/16 finalda yaponiyalı Şinobu Otanı məğlub edən (1:0, 6:0) idmançımız ardınca misirli Əbu Məhəmməd Əl-Səidə gücünü göstərib (1:0 6:0). Bundan sonra da Əzizli rəqib tanımayıb. 1/4 finalda Mazyar Şirmohəmmdini (Finlandiya, 1:0, 4:0) yarışdan kənarlaşdıran həmyerlimiz final uğrunda Şərif Kılıçın (Türkiyə) gücünü yoxlayıb. Bu deuldən da qalib ayrılan (1:0, 6:0) Eldəniz həlledici görüşdə Viktor Ciobanu (Moldova) ilə münasibətinə aydınlıq gətirib və hər 2 hissədə 1:0 hesablı qələbə qazanaraq, Tailandda millimizin aktivinə ikinci qızıl medalı yazdırıb.

Millimizin digər üzvü Ceyhun Əliyev (66 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Təmsilçimiz Mark-Antonio Von Tugginer (Almaniya, 1:0, 1:0), Mehdi Zeydvand (İrlandiya, 1:0, 1:0), Kərim Havvaş (Misir, 4:3, 1:0) və David Feheri (Macarıstan, 1:1, 3:0) yarışdan kənarlaşdırdıqdan sonra çempionluq uğrunda daha güclü Məhəmməd Çuxalovla (Rusiya) güləşib. İlk hissə gərgin mübarizə şəraitində keçib və Əliyev fasiləyə 4:3 hesabı ilə öndə yollanıb. Növbəti 2 dəqiqə isə Ceyhunun təmiz qələbəsi ilə yekunlaşıb və o, millimizin hesabına daha bir qızıl medal əlavə edib.

Əzizli və Əliyevdən fərqli, 120 kq çəki dərəcəsində xalçaya çıxan Zaur Mehrəliyev bürünc medala layiq görülüb. O, 3-cü yer uğrunda Miloslav Metodiyevdən (Bolqarıstan) üstün olub. Difər güləşçimiz Fuad Əliyev (84 kq) isə ilk görüşündəcə uduzub.

Beləliklə, yunan-Roma güləşi üzrə yarışlar Azərbaycan yığması üçün 3 qızıl və 1 bürünc medalla başa çatıb. Yarışın ilk günündə Murad Bazarov (50 kq) çempionluq sevinci yaşamışdı.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 11-də başa çatacaq.