17:11 10-09-2012
news_image

Boksçularımızdan 2 qızıl, 2 gümüş və 3 bürünc medal!

Türkiyənin İstanbul şəhərində Əhməd Comərdin xatirəsinə həsr olunmuş gənclər arasında boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 27-ci dəfə təşkil olunan yarışda 16 ölkənin 118 boksçusu qələbə uğrunda mübarizə aparıb. Gənclərdən ibarət Azərbaycan millisi qardaş ölkədə 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olub.

Boksçularımızdan gənclər arasında Avropa çempionu Pərviz Bağırov (64 kq) bu dəfə də hamıdan güclü olduğunu sübut edib. Həmyerlimiz finalda Özbəkistan təmsilçisi Ənvər Turabovu 15:8 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha bir Avropa birinciliyinin qalibi – Rauf Rəhimov da (81 kq) birinci yerə layiq görülüb. Boksçumuz finalda türkiyəli Cem Kılıcı 15:8 hesabı ilə üstələyib.

52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov yalnız finalda yerli boksçu Cengiz Onata 11:13 hesabı ilə uduzaraq, 2-ci yeri tutub. Orxan Mayıllı da (75 kq) vətənə gümüş medalla dönüb. O, finalda slovakiyalı Yozef Sirotekə 10:18 hesabı ilə məğlub olub. Daha 3 boksçumuz – Kamran Məlikov (52 kq), Fərid İsmayılov (60 kq) və Sadiq Səmədov (91 k1) 3-cü yere sahib olublar.

Ümumkomanda hesabında Türkiyə 1-ci, Azərbaycan 2-ci, Özbəkistan isə 3-cü yeri tutub.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyi oktyabrda Tailandda keçirilməli olsa da, AİBA təşkilatçılığı bu ölkədən alıb. Hələ ki, yarışın harada olacağı bəlli deyil.