17:14 12-09-2012
news_image
1038
DİGƏR NÖVLƏR

Millimiz Qətərlə oynayacaq

Otüstü hokkey üzrə kişilərdən ibarət Azərbaycan millisi noyabrın 27-dən dekabrın 2-dək Qətərin paytaxtı Dohada keçiriləcək Dünya Hokkey Liqasında mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, planetin 74 ölkəsi sırasında reytinqdə 38-ci yeri tutan yığmamız B qrupunda qüvvəsini sınayacaq.

Yarışda debüt edəcək komandamızın rəqibləri Şiri Lanka, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin milliləri olacaq. A qrupunda isə Oman, Türkiyə və Özbəkistan yığmaları yer alıblar. Yekunda qrup qalibləri və digər qrupun ikincilərinin qarşılaşmasında finalçılar müəyyənləşəcək. Dekabrın 2-də keçiriləcək həlledici oyunda qalib gələcək komanda Dünya Hokkey Liqasında II mərhələdə yarışmaq hüququ qazanacaq.

Hazırda reytinqə görə 16-cı olan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət millisi də analoji yarışda iştirak edəcək. Ancaq həmin turnir 2013-cü ilin ilk aylarında təşkil olunacağından hələlik rəqiblərimiz və yarışın keçiriləcəyi yer dəqiqləşməyib.