13:35 17-09-2012
news_image
2176
DİGƏR NÖVLƏR

“Həmin vaxt ya ərə gedirlər...” - MÜSAHİBƏ

Güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi, hazırda idmançı karyerasını davam etdirən İradə Aşumovanın apasport.az saytına müsahibəsi

- London Olimpiadasından sonra yorğunluğu üzərinizdən ata bilmisizmi?
- Hələlik istirahətdəyəm. Amma əsas məsələ odur ki, 2 kq arıqlamışam və məni bu çəkini atmaq üçün məcbur qaçırdırlar. Bu, idmançı olmasam belə sağlamlığım üçün çox vacibdir. Yağış və ya isti bilmirəm, əsas artıq çəkini atmağı fikirləşmişəm. İnanıram ki, bundan azad olacam.

- İstirahət üçün ölkə xaricinə getmişdiz?
- Xeyr, elə Bakıda dincəldim.

- Məşqlərə nə vaxtdan start verməyi planlaşdırırsız?
- Bizdə artıq mövsüm başlayır. Sentyabrın 24-29 Bakı kuboku olacaq və mən burada baş hakim funksiyasını yerinə yetirəcəm. Oktyabrdan isə mənimlə birgə milli hazırlıqlara start verəcək.

- Komandaya yeni idmançılar cəlb etməyi planlaşdırırsız, yoxsa dəyişikliyə ehtiyac yoxdur?
- Bilirsiz, uşaqlar olsa belə bizdə məşq keçmək problemi var. Biz Olimpiadaya hazırlığı yanvarın 10-da ancaq ölkə xaricində keçdik. Əvvəllər güllə və ya tapança tapmırdıqsa, indi zal problemi var. Cəmi 5 hədəflik yerimizlə Bədən Tərbiyəsi və İdman Akademiyasındakı atış otağı ilə kifayətlənirik. Bunun üçün bir qədər alınmır. Fikirləşin, bizə deyirlər boş yerdə nəsə bitirək. İnşallah Qəbələdə inşa olunacaq kompleksdə atıcılıq zalı tikiləcək. Burada da təlim-məşq keçmək mümkün olacaq. Həm də bizim idman növü şahmat deyil ki, 1 otaq götürüb orada işləyək.

- Yəqin bundan sonra yarışlarda komanda idman növlərində də təmsil olunarıq...
- Bu, mənim ən böyük arzumdur. Mən ilk qızıl medalımı da məhz 1985-ci ildə komanda yarışında qazanmışam. Cəmi 3 yaxşı snayper lazımdır. Bu istəyim reallaşsa, yaxşı olar. Yəni tək İradə Aşumova və ya Zemfira Meftahəddinova olmaqla hər şey bitmir.

- Onda sizin üçün yeni idmançılar kəşf etmək vacibdir...
- Uşaqlar yetişir, yaşlarına görə yaxşı nəticə göstərirlər. Lakin son anda idmanla vidalaşırlar. Həmin vaxt ya ərə gedirlər, ya da əsgərliyə. Bu yaxınlarda bir qızımız da Türkiyəyə gəlin köçdü. Belə problemlər ortaya çıxmasa vacibdir. Hərdən güləş və ya digər komandalarda işləyən məşqçilərlə söhbətləşəndə də bildirirəm ki, sizin üçün bizdəki çətinlik yoxdur. Məsələn, hansısa rayonda zala girib, istedad tapmaq olar, bizim idman növü ilə isə paytaxtdan kənarda məşğul olan yoxdur. Mən harada baxım?

- Özünüz necə Rio-de-Janeyronu “hədəf”ə ala biləcəksizmi? Həmin vaxt 58 yaşında bu hansısa problem yaratmayacaq ki?
- Bunun hamısı özümdən asılıdır. Düzdür, bir ara fiziki cəhətdən çətinliyim oldu. Bu da öz tənbəlliyimin nəticəsi idi. İndi mən fiziki cəhətdən öz üzərimdə çox işləməliyəm və bunu da edəcəm. Hazırlıq vaxtı 100 güllədən 96 xal toplayırdımsa, Olimpiadada 90 dəqiq atışım qeydə alındı. Bunun üçün fiziki hazırlıq lazımdır ki, tapançanı da əldə saxlaya biləsən.

- Amma konkret cavab vermədiz...
- Əlbəttə, fiziki cəhətdən çətinliyim olmasa Braziliyaya da gedəcəm. Mənim üçün lisenziya qazanmaq çətin deyil, əsas Olimpiadada uğura sahib olmaqdır. Çünki Avropa çempionatında ilk “16-lıq” möhtəşəm oyunlarda iştirak hüququ verir. Biz Londona da bir neçə nəfərlə yollana bilərdik. Lakin gənclər özlərini doğrultmadılar.