09:24 27-09-2012
news_image

Dünya çempionatında rəqiblərimiz müəyyənləşdi

Sentyabrın 27-29-da Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yarışda ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.

3 gün ərzində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) medallar uğrunda mübarizə aparacaq.

Çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayacaqlar.

Artıq idmançılarımızın ilk rəqibləri də məlumdur. Anjela Doroqan mübarizəyə 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayacaq. Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi Türkiyə güləşçisi Elif Jale Yeşilirmakdır. Nadya Sementsova isə 1/8 finalda İsveç təmsilçisi Katarina Yohanssonla qarşılaşacaq.

Yarışın 2-ci günü 55 və 72 kq, son gün isə 48 və 63 kq çəkidə qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.