10:34 02-10-2012
news_image

“Qələbə əzminə görə” mükafat

Aktau şəhərində Qazaxıstanın ilk idman ustası Şoxra Boletkulunun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, yarışda 7 ölkənin 150 dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb.

Komandamızın heyətində Heybətulla Hacəliyev, Elvin İsayev, Rəhim Nəcəfov, Samir Məmmədov kimi tanınmış boksçular da güclərini sınayıblar. Samir Məmmədovla (56 kq), Kamran Mehdiyev (91 kq) turniri 3-cü yerdə başa vurublar.

İki görüşdə qalib gələn Məmmədov yalnız yarımfinalda Kanat Koptelevə məğlub olub. Amma bu boksçumuzun “Qələbə əzminə görə” mükafatı almasına mane olmayıb.

Kamran Mehdiyev də iki döyüşdə qələbə qazandıqdan sonra yarımfinalda özbəkistanlı Baxodir Jololova uduzub. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) Ajibay Janibeklə ilk döyüşdə zədələnərək, görüşü sonadək davam etdirə bilməyib.

Yeniyetmələrin ilk Olimpiya oyunlarının bürünc mükafatçısı Elvin İsayev (60 kq) Bekman Solibayevə 9:11 hesabı ilə yenilib. Dünya və Avropa çempionatlarının iştirakçısı Rəhim Nəcəfov ilk döyüşdə qalib gəlsə də, 1/4 finalda Muxit Amantayevə uduzub.