11:06 02-10-2012
news_image
2139
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovdan mütləq rekord!

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclü 100 kişi, qadın, gənc və qız şahmatçılarının siyahısında 8 həmyerlimiz yer alıb.

Kişi qrossmeysterinin siyahısına 2843 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Onu 2821 xalla ermənistanlı Levon Aronyanla 2795 xala malik rusiyalı Vladimir Kramnik izləyir.

İlk “onluq”da Azərbaycan millisinin 1 üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2792 xalla dünya 4-cüsüdür. Ardıcıl 4 aydır bu mövqedə möhkəmlənən şahmatçımız xal hesabında yeni Azərbaycan rekordu müəyyənləşdirib. Belə ki, ötən aylarla müqayisədə hesabına 4 xal əlavə edən Rəcəbovun yığdığı 2792 xal ölkəmiz üçün mütləq rekorddur.

100 ən yaxşı arasında daha 2 şahmatçımız qərarlaşıb. 2748 xalı olan Şəhriyar Məmmədyarov 14-cü, ondan 11 xal geridə olan Vüqar Həşimov 17-ci pillədədir.

Qadınların reytinqində təmsilçilərimiz “100-lüy”ə daxil olmayıb. Əvəzində gənclərin reytinqində 3 şahmatçımız siyahıda yer alıb. Eltac Səfərli (2616) 11-ci, Vasif Durarbəyli (2584) 20-ci, Nicat Abbasov (2461) 89-cu sıradadır. Qızların reytinqində Xəyalə Abdulla 2223 xalla 46-cı, Nərmin Kazımova 2209 xalla 54-cüdür.