15:44 04-10-2012
news_image
1218
DİGƏR NÖVLƏR

İslam Həmrəylik Oyunları 2017-ci ildə Azərbaycanda keçirilə bilər

Oktyabrın 2-3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 18-ci iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasda gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva daxil idi.

Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunub. Gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iclasda çıxış ediblər. Burada həmçinin, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimat mərasimi keçirilib.

Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, mədəniyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və s. mövzular əksini tapıb.

İclasda Azərbaycan və Bakı haqqında qısa videoçarx da nümayiş etdirilib.