23:10 04-10-2012
news_image
1116
DÖYÜŞ NÖVLƏRİ

Cüdo yığmamızın yeni baş məşqçisi Bakıya gəldi

Oktyabrın 30-da Bakı İdman Sarayında cüdo üzrə kişi və qadınlar arasında yığmaya seçmə xarakteri daşıyan Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, çempionatla bağlı açıqlama verən Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Matvey Yelizarov bildirib ki, çempionat ölkə yığmasının komplektləşdirilməsinə xidmət etdiyi üçün bütün güclü cüdoçular heç bir güzəşt olmadan tatamiyə çıxaraq, özünün ən güclü olduğunu sübut etməyə çalışacaq.

"Bu çempionatın yekunlarına görə Azərbaycan yığmasının heyəti komplektləşdiriləcək. Elə bu səbəbdən də ölkənin bütün güclü cüdoçuları, Azərbaycan cüdosunun üzdə olan simaları tatami üzərinə çıxaraq, özlərini sübut etməli olacaq. Yalnız zədəsinə görə üzürlü səbəbi olanlar çempionatı buraxa bilərlər. Əks halda heç kəsə güzəşt edilməyəcək" - deyə, Yelizarov əlavə edib.

Yeri gəlmişkən, Azərbaycanın çempionatına əcnəbi hakimlər də cəlb ediləcəklər. Əcnəbilər əsasən mübahisə doğura biləcək final görüşlərinə çıxacaqlar.

Bu arada o da bəlli olub ki, yaxın günlərdə Bakıda Cüdo Mərkəzinin tikintisinə başlanacaq. Mərkəz Bakı metropoliteninin "Gənclik" stansiyasının yaxınlığında yerləşəcək. Bu gün isə İsmayıllı rayonunda tikiləcək analoji mərkəzin bünövrəsi qoyulacaq. Təməlqoyma mərasitmində ACF-nin prezidenti Füzuli Ələkbərov və eləcə də yığmanın baş məşqçi postuna gətirilən avstriyalı mütəxəssis Peter Zayzenbaher iştirak edəcək (Sport Ekspress).