23:03 10-10-2012
news_image
2047
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Təl-Əviv hava limanında saxlanıldı

Bu gün İsrailin Eylat şəhərində şahmat üzrə klublararası Avropa çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, həmin çempionatda ölkəmizi təmsil edəcək "SOCAR-Azerbaijan" klubunun üzvlərindən biri olan Şəhriyar Məmmədyarov yarışın keçiriləcəyi məkanı vaxtında çata bilməyib.

Bunun səbəbi isə azərbaycanlı qrossmeysterin İsrailin paytaxtı Təl-Əvivdən çempionatın keçirildiyi Eylat şəhərinə uçarkən aeroportda təhlükəsizlik xidmətinin işçiləri tərəfindən müvəqqəti saxlanılması olub.

Çox vaxt adi bir suala cavab verə bilmədiyi üçün saxlanılan Şəhriyar bu dəfə də analoji halla üzləşib. "Sabah komandanızın rəqibi kim olacaq" sualını cavablandırmaqda çətinlik çəkən Şəhriyar hər şeyə şübhə ilə yanaşan israillilər tərəfindən saxlanaraq, komanda yoldaşlarından ayrı düşüb.

Şəhriyar yalnız dünən Bakı vaxtı ilə saat 15:30-da Təl-Əvivdən Eylata uça bilib. Elə bu səbəbdən də o 1-ci tur çərçivəsində oynamayacaq.

Qeyd edək ki, Şəhriyardan fərqli, onun komanda yoldaşları - Teymur Rəcəbov, Qədir Hüseynov, Eltac Səfərli, Aleksandr Qrişuk, Veselin Topalov, Qata Kamski və Emil Sutovski Eylata vaxtında çatıb.