16:05 16-10-2012
news_image
1129
DÖYÜŞ NÖVLƏRİ

Kliçko qardaşlarının ilk məşqçisi Azərbaycan millisində

Yaxın vaxtlarda boks üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunacaq.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu, ukraynalı Vladimir Zolotaryovdur.

60 yaşlı mütəxəssis ölkəmizə gələnədək Ukraynanın gənclərdən ibarət yığmasının baş məşqçisi olub. Lakin o, daha çox dünyaca məşhur Vladimir və Vitali Kliçko qardaşlarının ilk məşqçisi kimi tanınır. Məhz Zolotaryovun rəhbərliyi altında Vladimir Kliçko 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov Lent.az-a açıqlamasında Zolotaryovun yığmamıza baş məşqçi təyinatının hələlik rəsmiləşmədiyini bildirib. Onun sözlərinə görə, təcrübəli mütəxəssis sınaq məqsədilə cəlb olunub. O, hazırda Qəbələdə təlim-məşq toplantısında olan Azərbaycan yığmasının hazırlıq prosesinə nəzarət edir. Səfərov bildirib ki, ukraynalının işi federasiya rəhbərliyini qane etsə, danışıqlar aparılacaq və rəsmi müqavilə imzalanacaq. Zolotaryovun əməyinin nəticəsi isə 14 – 17 noyabrda Bakıda keçiriləcək tələbələr arasında dünya çempionatında üzə çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarında Nəriman Abdullayevin rəhbərliyi altında çıxış edib və 2 bürünc medal qazanıb. Həmin medallara Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) sahib olub.