12:06 19-10-2012
news_image

Zaqatalada yeni güləş zalı istifadəyə verildi

Azərbaycan Güləş Federasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Zaqatala rayonunun Danaçı kəndində güləş zalının açılış mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, Güləş Federasiyasının və Zaqatala rayon İcra Hakimiyyəti rəhbərliyinin iştirakı ilə idman zalının lenti kəsilib.

Danaçı kəndi rayon mərkəzindən xeyli aralı olmasına baxmayaraq burada idmanın bütün növlərinə, xüsusən də güləşə böyük maraq var. Bu idman növündə ölkəmizi təmsil edən gənc idmançılar ölkə və dünya arenalarında Azərbaycanı layiqincə təmsil edir. Belə ki, Danaçı idman məktəbinin yetirmələri sırasında Gözəl Zutovanın adını qeyd etmək olar.

Açılış mərasimində o da qeyd olunub ki, son illər ölkəmizdə güləş idman növünün inkişafı istiqamətində xüsusi layihələr həyata keçirilir, istedadlı gənclər xüsusi məktəblərə cəlb olunaraq məşqçilərlə təmin edilir. Kənddə fəaliyyət göstərəcək bu zalda 120-yə yaxın yeniyetmə güləşin sirlərinə yiyələnəcək.