23:56 19-10-2012
news_image

“Azərbaycanda gənclər arasında yeganə dünya çempionuyam” - MÜSAHİBƏ

2005-ci ildə gənclər arasında Avropa çempionu, böyüklər arasında isə DÇ-nin bürünc mükafatçısı, bir ildən sonra gənclərin dünya çempionatının qalibi olan və mütəxəssislərin fenomen cüdoçu adlandırdığı Nicat Şıxəlizadə (66 kq) 4 illik diskvalifikasiya müddəti başa çatandan sonra yenidən tatamiyə dönüb. Dönüşündə 60 kq-da çıxış edən Şıxəlizadə artıq bu çəkini 66 kq-la əvəzləyib. Nicat elə bu çəki dərəcəsində də uğurlarını sıralamağa başlayıb. Bir həftə öncə BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən Qran-Pri turnirindən qalib qayıdan Nicat əməkdaşımızla söhbətində həmin turnirdəki maraqlı məqamlardan və eləcə də qarşıdakı planlarından söhbət açıb.

- Hazırda özümü yaxşı hiss edirəm. Düşünürəm ki, qarşıdakı yarışlarda özümü göstərə biləcəm.

- Qarşıda cüdoçuları yığmaya seçmə xarakterli Azərbaycan çempionatı gözləyir?
- Bəli, oktyabrın 30-da Bakı İdman Sarayında cüdo üzrə kişi və qadınlar arasında yığmaya seçmə xarakteri daşıyan ölkə çempionatı keçiriləcək. Hər halda bu çempionatda özümü sübut etməyə və yenidən yığmada yerimi möhkəmləndirməyə çalışacam.

- Öz çəkində Azərbaycan çempionu olacağına inanırsanmı?
- Təbii ki, özümə əminəm və inanıram. Ancaq bir şey var ki, bu, idmandı və gözlənilmədən hansısa bir sürprizlə də üzləşmək olur.

- Hər halda sənin çəkində əsas rəqib Tərlan Kərimov ola bilər.
- Mən belə deməzdim. Düzdü, Tərlan hazırda yığmanın üzvüdü, London Olimpiadasının 7-cisidi. Ancaq mən bu çəkidə çıxış edən hər bir idmançını özümə rəqib hesab edirəm və onların hamısına hörmətlə yanaşıram. Hələ çempionat başlamadan hər kəsin gücünü bilmədən "mən hamıdan güclüyəm" demək olmaz. Hər halda hamı öz çəkisində çempion olmaq istəyir. O, cümlədən də mən.

- Tərlanın hazırkı vəziyyəti necədi?
- Bu haqda heç nə deyə bilmərəm. Çünki Tərlan da London Olimpiadasının digər iştirakçıları kimi oyunlardan sonra istirahətə buraxılıb və yığmadan kənarda qalıb. Buna görə də mən onunla bir məşqdə olmamışam. Bu səbəbdən də onun Azərbaycan çempionatına hazırlığı barədə məlumatsızam.

- Cəzalanana qədər həm gənclər, həm də böyüklər arasında uğurla çıxış edirdin və buna görə də bəzi mütəxəssislər səni fenomen cüdoçu adlandırırdı. Həmin adı qaytara biləcəksən?
- Azərbaycanda gənclər arasında yeganə dünya çempionu adını qazanan mən olmuşam. Nə mənə qədər, nə də məndən sonra heç kəs nə gənclər, nə də böyüklər arasında dünya çempionu ola bilməyib. Hazırda 24 yaşın içindəyəm. Ümid edirəm ki, özümü isbatlayacam.

- Olimpiadaya qatılmaq niyyətin yoxdu?
- Niyə olmasın? Hər bir idmançı Olimpiadada iştirak etmək və olimpiya medalı qazanmaq arzusundadı. Təbii ki, mənim də belə arzum var.

- Bir həftə öncə Qran-Pridə fəxri kürsünün ən yüksək pilləsinə qalxdın. Həmin turnirdə sənin üçün ən maraqlı məqam nə oldu?
- Əvvəla onu deyim ki, Əbu-Dabi turnirində keçirdiyim 4 görüşün hamısını ipponla vaxtından əvvəl başa vurdum. Ancaq mənim üçün ən maraqlısı finalda özbəkistanlı Rişod Sobirovla qarşılaşmam oldu. Bildiyiniz kimi, özbəkistanlı cüdoçu ikiqat dünya çempionu və ikiqat olimpiya üçüncüsüdü. Hazırda isə reytinq cədvəlinə liderlik edir. O da əvvəllər mənim kimi 60 kq çəki dərəcəsində çıxış edirdi. İndi isə 66 kq-da güləşir. Onunla indiəyədək heç vaxt qarşılaşmamışdım. Bu bizim ilk görüşümüz idi. Şükürlər olsun ki, ondan əvvəlki görüşlərdə olduğu kimi, Rişodla görüşü də cəmi 1 dəqiqəyə ipponla başa vurdum.

- Yığmada baş məşqçi dəyişikliyi edildi. 20 ildən artıq baş məşqçi postunda çalışan və yetərincə təcrübəyə malik olan mütəxəssis Ağayar Axundzadə avstriyalı Peter Zayzenbaherlə əvəzləndi. Bu dəyişikliyi ədalətli dəyişiklik hesab etmək olarmı?
- Məncə, yox. Ağayar müəllim yığmada həm baş məşqçi, həm də bir ağsaqqal kimi bizə lazım idi. Çox istərdim ki, o, yenə də yığmada qalsın. Çünki bizim hamımızın təcrübəli bir mütəxəssis kimi ona böyük ehtiyacımız var. Təəssüf ki, federasiya belə bir dəyişiklik etmək istəyəndə biz cüdoçuların rəyini soruşmayıb. Əgər cüdoçular arasında belə bir sorğu keçirilsəydi, yəqin ki, heç kəs Ağayar müəllimin getməsinə razı olmazdı. Amma federasiya rəhbərliyi belə məsləhət bilib. Mən Zayzenbaherlə işləməmişəm və demək olar ki, onun iş pirinsipi ilə tanışlığım yoxdur. Onu ancaq ikiqat dünya və olimpiya çempionu olmuş idmançı kimi tanıyıram. Bir də onu bilirəm ki, son 4 ildə Gürcüstan yığmasını çalışdırıb. Onu yalnız yığmanın heyəti komplektləşəndən sonra başlanacaq təlim-məşq toplanışından sonra tanıyacam. Təbii ki, Azərbaycan çempionatında fərqlənib yığmaya düşəcəyim halda.

Sport-Ekspress