13:17 20-10-2012
news_image

Güləşçilərimiz mükafatlandırıldı

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində ölkəmizi Avropa və Dünya çempionatlarında uğurla təmsil etmiş yeniyetmə və gənc güləşçilərin mükafatlandırılma mərasimi keçirilib.Apasport.az saytının xəbərinə görə, valideynlər adından çıxış edən SSRİ idman ustası Elşad Quliyev bütün mükafat qazanan idmançıları təbrik edib.

“Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısı sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycan Güləş Federasiyasının həm paytaxtda, həm də bölgələrdəki fəaliyyəti göz qabağındadır. Federasiya tərəfindən bölgələrdə yeni güləş zallarının açılması yeni güləşçi nəslinin ortaya çıxmasına imkan verir. Görülən bu işlərə görə həm dövlət başçımıza, həm də federasiya rəhbərliyinə bütün valideynlər adından təşəkkürümüzü bildiririk” - deyə, o bildirib.

Daha sonra güləşçilər mükafatlandırılıb. Mükafatları Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov, Cavanşir Qurbanov və olimpiya çempionu Fərid Mansurov təqdim edib.

Xatırladaq ki, Taylandın Pattaya şəhərində keçirilən gənclərin Dünya çempionatını güləşçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında yığmamız 18 medal qazanıb. Bu medallardan 3-ü qızıl, 9-u gümüş, 6-sı isə bürünc olub.

Bakıda keçirilən Dünya çempionatında isə 19 medal – 9 qızıl, 5 gümüş və 5 bürünc qazanan güləşçilərimiz güləş tarixində yeni səhifə açıb. Qazanılan bu uğurlar gələcək üçün ümidli olmağa inam yaradır.