14:31 24-10-2012
news_image
916
STOLÜSTÜ OYUNLAR

Vladimir Tukmakov: Bu səbəbdən əsas komandaya yeni oyunçular gəlmir

“Sonuncu Azərbaycan çempionatına baxmışam. Ehtiyat qüvvəyə gəldikdə, təəssüf ki, bu sahə barəsində geniş məlumat vermək imkanına malik deyiləm. Çünki mən yalnız əsas komandaya görə, cavabdehəm”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov deyib.

Ukraynalı Olimpiya çempionu ölkəmizdə böyüklərlə yanaşı, gənclər və yeniyetmələr millisinin də yaradılması ilə bağlı Şahmat Federasiyası qarşısında məsələ qaldırdığını bildirib. O, bunun həllinin tapmamasına isə təəssüfləndiyini gizlətməyib: “Bir neçə dəfə federasiya rəhbərliyi qarşısında yeniyetmələr və gənclər yığmasının yaradılması ilə bağlı məsələ qaldırmışam. Hesab edirdim ki, bu çox faydalı, hətta zəruri olardı. Amma təəssüf ki, məsələ həllini tapmadı. Ümid edirəm ki, bu, Olimpiada-2016-ya kimi reallaşacaq. Azərbaycan ev sahibi kimi 2, hətta 3 komanda sifariş edə bilər. Gənclər yığmasının da turnirdə iştirakına şərait yaratmaq olardı, bu komandadan heç kəs əsas yığmaya iddia etməsə belə. Təbi ki, onları hazırlamaqda lazım olacaq.

Tukmakov əsas yığmaya yeni simaların gəlməməsinin səbəbini də açıqlayıb: “Bildiyimə görə, gənc azərbaycanlı şahmatçılar - 8, 10 və 12 yaş kateqoriyalarında çox yaxşı çıxış edirlər. Onlar Rusiya, Cin, Hindistan və digər şahmat ölkələrindən olan həmyaşıdları ilə nəinki bərabər səviyyədə mübarizə aparırlar, hətta adətən onları qabaqlayırlar. Amma sonradan elə bir “quyuya” düşürlər ki, ondan çıxa bilmirlər. Bu səbəbdən də əsas komandaya yeni oyunçular gəlmir. Əgər belə bir institut yaradılsa və lazımı tədbirlər görülsə, çox yaxşı olacağını düşünürəm”.

O, chess-news.ru saytına verdiyi müsahibəsində millimizlə müqaviləsinin bitdiyini və hələ yeni müqavilə barədə danışıq masasına oturmadığını da bildirib: “Digər tərəfdən bu barədə artıq Azərbaycan yığmasının baş məşqçisi və kapitanı olmadan fikir bildirirəm. Mənim müqaviləm sentyabrın 31-də sona çatıb və hələ ki, bu məsələ ilə bağlı heç bir danışıqlarımız olmayıb”.

Tukmakov yeni müqavilə imzalayacağını da istisna etməyib: Mən Azərbaycan şahmatı barədə sadəcə fakt olaraq danışıram. Bundan hələ ki, nəticə çıxarmağa tələsmirəm. Biz gənclər barəsində danışdıq və dedim ki, bunları etmək Azərbaycan şahmatının inkişafı üçün zəruridir. Belə söyləmə də davam edəcəm. Amma bu proqramın mənim və ya bir başqasının rəhbərliyi altında həyata keçiriləcəyini deyə bilmərəm”.