15:17 29-10-2012
news_image
1392
DÖYÜŞ NÖVLƏRİ

“Avropa Millətlər Kuboku”na yollanan idmançılarımızın adları açıqlanıb

Noyabrın 9-dan 11-dək Moskvada “Avropa Millətlər Kuboku” yarışları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında komanda hesabında 1-ci 6-cı yerləri tutan ölkələr iştirak edəcək.

Cari ilin 6-11 mart tarixində Belqradda keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 3-cü, qadın güləşçilərimiz isə 4-cü olaraq “Avropa Millətlər Kuboku” yarışlarında iştirak hüququ qazanıb. Sərbəst güləş yığmamız isə Avropa çempionatında 8-ci olub.

Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeyva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Yarışın proqramına əsasən, noyabrın 9-da qadın güləşçilər, noyabrın 10-11-də isə sərbəst və yunan-Roma güləşi üzrə komandalar mübarizə aparacaq. Qadın güləşçilərin yarışında Azərbaycan güləşçiləri Rusiya, İsveçrə, Ukrayna, Polşa və Rumıniya təmsilçiləri ilə qurşaq tutacaq. Yunan-Roma güləşi üzrə yarışlarda isə, Azərbaycanın rəqibləri Rusiya, Bolqarıstan, Macarıstan, Ukrayna və Ermənistan komandaları olacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və İnitqam Əliyev təmsil edəcək.