11:46 01-11-2012
news_image
1145
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “onluğ”a düşdü

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr sıralaması Azərbaycan qrossmeysterləri üçün uğurlu alınıb.

Belə ki, Teymur Rəcəbov (2793) ardıcıl üçüncü dəfə 4-cü pillədə yerini qoruyub.

Şəhriyar Məmmədyarov isə yenidən “10-luğ”a qayıdıb. O, nə az, nə çox – 13 pillə irəliləyərək, 10-cu yerə yüksəlib (2764).

Şəhriyardan fərqli, hazırda səhhətində problem olan və müəyyən müddətdir yarışlara qatılmayan Vüqar Həşimov 3 pillə geriləyib. O, hazırda 2737 xalla 20-ci yerə enib.

Reytinq cədvəlinin ilk “üçlüy”ü yenə dəyişməz qalıb. Siyahıya 2848 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İkinci yeri Levon Aronyan (Ermənistan, 2815), üçüncü yeri Vladimir Kramnik (Rusiya, 2795) tutur.