01:05 03-11-2012
news_image
1002
DİGƏR NÖVLƏR

“Bəxtimizə olimpiya medalı yazılmayıbmış” – MÜSAHİBƏ

Oktyabrın 30-dan noyabrın 1-dək Bakı İdman Sarayında cüdo üzrə yığma komandaya seçmə xarakterli Azərbaycan çempionatı keçirilib. Yığmanın məşqçilər korpusunda dəyişiklik edildiyi və milliyə yeni seçim ediləcəyi əvvəlcədən xəbər verildiyi üçün hər çəki dərəcəsində mübarizə olduqca gərgin və prinsipial şəraitdə keçib. Kişi cüdoçuların mübarizə apardığı və çempionluğa namizədlərin sayının daha çox olduğu 66 kq-da qalib adını keçirdiyi 6 görüşün hamısını qələbə ilə bitirən Tərlan Kərimov qazanıb. Yarışdan sonra “Sport Ekspress”in əməkdaşı ilə görüşən çempion qalibi olduğu çempionatla bağlı maraqlı söhbət edib.

- Artıq çempionat başa çatıb və çıxış etdiyiniz çəki dərəcəsində qalibsiz. Bu çempionatla bağlı nə söyləmək istərdiz?
- Bu sualı mənə çox verirlər və həmişə demişəm ki, Azərbaycan çempionatı ölkədaxili yarış olsa da, mənim üçün Olimpiya Oyunları, dünya və Avropa çempionatı qədər məsuliyyətlidi. Adam bir özündən deyəndə, gərək iki də başqasından deyə. Həmişə düşünürəm ki, ölkədə mən səviyyədə olan başqa idmançılar da var. Ona görə də ölkə çempionatını həmişə yüksək dəyərləndirirəm və rəqiblərimə də çox hörmətlə yanaşıram.

- Çempion olacağınıza inamınız vardı?
- Cüdo arxayınçılığı sevməyən bir idman növüdü. Bununla belə, çempion olacağıma da inanırdım. Ancaq hər an yarışda qarşımı kəsə biləcək rəqiblərimi də görürdüm. Ona gərə onların hamısına qarşı ciddi hazırlaşmışdım.

- Hamı Nicat Şıxəlizadəni əsas rəqibiniz sayırdı və onunla finala çıxacağınızı gözləyirdi. Bütün ehtimallar doğru çıxdı. Görüşdən qabaq Nicatı udacağınıza inanırdınız?
- Nicat da mənim üçün güclü rəqibdi. Ancaq o, tək deyil, mən indi ad çəkmək istəmirəm. Bu çəkidə həqiqətən də güclü rəqiblər çoxdu. Məni zirvəyə aparan yolda 6 görüş keçirdim.

- Onlardan hansı daha çətin oldu?
- Demək olar ki, hamısı. Bayaq dediyim kimi, bizim çəkidə güclü rəqiblər çoxdu. Ancaq buna baxmayaraq, özümü bu görüşlərin hamısına çox ciddi hazırlayırdım. Bilirsinizmi, Olimpiadanın 7-cisi olduğum üçün istər-istəməz hər görüşüm diqqət çəkirdi. Hamı necə güləşəcəyimi görmək istəyirdi. Pis çıxmasın, çoxu 66 kq-da mənim çempion olacağımı gözləyirdi. Bu isə istər-istəməz məsuliyyətimi daha da artırırdı.

- Bu çempionatla 2012-ci il mövsümünün yarışlarına yekun vuruldu, yoxsa hələ qarşıda hansısa turnirlər var?
- 2012-ci ilin son turniri 15-17 dekabrda Rusiyanın Tümen şəhərində olacaq. Böyük mükafat fondu olan həmin turnirdə iştirakçılar məhdud sayda olacaqlar. Reqlamentə uyğun olaraq, turnirdə ancaq hər çəki dərəcəsində dünyanın ən yaxşı 8 cüdoçusu iştirak edəcək. Mən də dəvətliyəm.

- Azərbaycan cüdoçularından daha kimlər həmin turnirə dəvət alıb?
- Turnirin təşkilat komitəsi mənimlə yanaşı, Elnur Məmmədlini, Elxan Məmmədovu və İlqar Müşkiyevi də çağırıblar. İlqarın üzərində cərrahiyyə əməliyyatı aparıldığı və hazırda müalicə olunduğu üçün sözügedən turnirə qatıla bilməyəcək.

- Bayaq turnirin böyük mükafat fondu olduğunu vurğuladız. Sirr deyilsə, qalib və mükafatçılar nə qədər qazana biləcəklər?
- Birinci yeri tutan cüdoçular 30 min avro qazanacaqlar. 2-ci yerin sahiblərinə 20, üçüncülərəsə 10 min avro veriləcək.

- London Olimpiadasının başa çatmasından aylar ötməsinə baxmayaraq, hələ də cüdoçularımızın uğursuzluğu ilə bağlı söhbətlər davam etməkdədi. Gec də olsa, bu məsələyə bəlkə bir də nəzər salaq? Startda reytinq cədvəlinə liderlik edən rusiyalı cüdoçunu məğlub etdikdən sonra artıq çempion olacağına şübhə yeri qalmamışdı. Amma 3-cü görüşdə məğlub olub, bütün ümidləri puça çıxardız. Ümumiyyətlə, cüdoçularımızın uğursuzluğunun əsas səbəbi nə idi? Əslində, nə baş vermişdi?
- Əvvəla, bizim yığma Olimpiadaya yüksək səviyyədə hazırlaşmışdı. Amma idmanın özünün də heç kəsə bəlli olmayan tərəfi var ki, buna da idman xoşbəxtliyi deyirlər. Doğrudan da hər sahədə olduğu kimi, idmanda da qismət, bəxt amili mühüm rol oynayır. Mən belə düşünürəm ki, bu Olimpiadada bizim bəxtimizə olimpiya medalı yazılmayıbmış. Elə mən özüm də mənim haqqımda düşünənlər kimi düşünürdüm. Rusiyalı cüdoçunu udandan sonra mənə elə gəldi ki, artıq yolum açıldı. Çünki yerdə qalan cüdoçular həmin məğlub etdiyim Rusiya təmsilçisindən çox zəif idilər. Demək olar ki, mənim udduğum rusiyalı onların hamısını udmuşdu.

- Cüdoçularımızın hamısı elə sizin kimi Olimpiadaya hazırlıq səviyyəsinin yüksək olduğunu söyləyir. Amma ortada nəticə olmadı və bu da məşqçi dəyişikliyinə gətirib çıxardı. Əgər doğrudan da məşqçi amili mane olurdusa, bəs, onda cüdoçular hansı yüksək səviyyəli hazırlıqdan danışırlar?
- Mənə elə gəlir ki, bu suala hərə öz bildiyi kimi cavab verər. Şəxsən mən uğursuzluğa düçar olmağımın günahını məşqçidə deyil, özümdə görürəm. Məşqçilər bizi pis hazırlaşdırsaydılar, onda mən startda öz çəkimin ən güclüsünü uda bilməzdim. Gördüyünüz kimi, startı və növbəti görüşü uğurla başa vurdum. Ancaq üçüncü görüşdə ispaniyalı rəqiblə işlər yaxşı getmədi. Rəqib heç də güclü deyildi. Sadəcə, tələsdim və hakimlər rəqibə bir yuko balı verdilər. Əslində, o xalı verməyə də bilərdilər. Bundan sonra vəziyyətdən çıxmaq üçün daha da tələsdim. Bu tələskənlik isə əleyhimə işlədi. Nəticədə görüşü istədiyim səviyyədə keçirə bilmədim.