15:07 10-11-2012
news_image
1303
DÖYÜŞ NÖVLƏRİ

“Çalışacağıq ki, Ermənistanda Azərbaycan bayrağı ucalsın”

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası noyabrın 25-də Ermənistanın paytaxtı Yerevanda start götürəcək dünya çempionatına hazırlıq prosesinin son mərhələsinə qədəm qoyub.

Yığmamızın baş məşqçisi Şamil Alimzanovun Lent.az-a verdiyi məlumata görə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında təşkil olunan təlim-məşq toplantısına 12 boksçu cəlb edilib. Alimzanov onlardan yalnız 6-nın İrəvana aparılacağını bildirib. Lakin o, heyəti açıqlamayıb: “Mən siyahını Gənclər və İdman Nazirliyinə təqdim etmişəm. Mətbuata isə açıqlamaq istəmirəm. Çünki bu, Ermənistana aparılmayan boksçularda ruh düşkünlüyü yaradar və nəticədə onlar gedənlərə hazırlıq prosesində layiqli sınaqçı rəqib ola bilməzlər”.

Ölkəmizin 10 mümkün çəkidən yalnız 6-da təmsil olunmasının səbəbinə gəldikdə, baş məşqçi ən güclü boksçulara güvəndiyini söyləyib. Təcrübəli mütəxəssis məqsədlərinin medal qazanmaqdan ibarət olduğunu deyib: “Çalışacağıq ki, Ermənistanda Azərbaycan bayrağı ucalsın, himnimiz səslənsin”.

Qeyd edək ki, dünya çempionatı dekabrın 8-dək davam edəcək.