13:44 13-11-2012
news_image
800
DİGƏR NÖVLƏR

Azərbaycanda ilk dəfə beynəlxalq idman sərgisi keçiriləcək

Noyabrın 28-də Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə Bakıda I Beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi (“SportExpo-2012”) keçiriləcək. “Iteca Caspian” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “SportExpo-2012” sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir.

Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək. “SportExpo-2012” sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idman, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcək.

“SportExpo-2012” sərgisi ilə bir meydançada “Gənclər təşkilatlarının IV respublika sərgisi” də keçiriləcək. Sözügedən tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” adlı dövlət proqramı ilə bağlı Azərbaycan prezidentinin fərmanının icrası çərçivəsində həyata keçirilir. Azərbaycanın təxminən 100-ə qədər gənclər təşkilatının iştirak edəcəyi IV respublika sərgisinin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması haqqında məlumat verməkdir.