15:32 14-11-2012
news_image

Bakıda tələbələrin dünya çempionatı start götürdü

Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda 9 ölkənin – Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Estoniya, Ukrayna və Moldovanın 51 idmançısı mübarizə aparır.

Açılış mərasimində çıxış edən Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev respublikamızda boksun tarixən geniş yayılan idman növlərindən biri olduğunu bildirib: “Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib. Əminəm ki, dünya çempionatının da təşkili və keçirilməsi yüksək səviyyədə olacaq, yarışlar ədalətli idman mübarizəsi şəraitində keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar”.

Beynəlxalq Universitet İdmanları Federasiyasının (BUİF) nümayəndəsi Kemal Taner Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, keçirilən yarışın əhəmiyyətini qeyd edib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. O, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmançılarımızın nəticəsinin yaxşılaşdığını bildirib:”Azərbaycanda bir çox idman növlərinin inkişafı müşahidə olunur və sevindirici haldır ki, bu sırada boks xüsusi yer tutur”.

Turnirin ilk günündə Azərbaycan idmançılarından Heybətulla Hacəliyev (64 kq) rinqə çıxıb. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı ukraynalı Maksim Konişevi 16:10 hesabı ilə məğlub edib.

49 kq
Ferhat Pəhləvan (Türkiyə) - Denis Kozaruk (Türkiyə) - 12:5

56 kq
Mahir Paşayev (Rusiya) - Oraz Avzalşoev (Tacikistan) - 16:10
Oleq Prudkiy (Ukrayna) - Səməd Yusinbay (Qazaxıstan) - 19:9

64 kq
Ruslan Urix (Rusiya) - Bekbolat Kukamısov (Qazaxıstan) - 14:12
Maksim Konışev (Ukrayna) - Heybətulla Hacəliyev (Azərbaycan) - 10:16
Ural Karslıoğlu (Türkiyə) - Vepxia Tsiskarişvili (Gürcüstan) - 14:4

75 kq
Erol Özkal (Türkiyə) Abzal Kuttibekov (Qazaxıstan) - 9:9 (qələbə Kuttibekova verilib)

Qeyd edək ki, bu gün boksçularımızdan Samir Məmmədov (52 kq), Vətən Hüseynli (81 kq) və Teymur Məmmədov (91 kq) rinqə çıxacaqlar. Döyüşlər saat 17-də başlayacaq.