10:29 15-11-2012
news_image
830
DİGƏR NÖVLƏR

Yeni Azərbaycan çempionu müəyyənləşdi

Bakı Otüstü Hokkey Kompleksində 13-15 yaşlı oğlan otüstü hokkey komandaları arasında Azərbaycan birinciliyi başa çatıb. Hokkey Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın sonuncu günü iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq pley-offda qarşılaşıblar.

İlk olaraq meydana 4-cü yeri tutanlar - “Sumqayıt-2” və “Şəmkir” komandaları çıxıb. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan sumqayıtlılar yekunda VII yerə layiq görülüblər. V yer uğrunda “Olimp” (Masallı) və “Təhsil” (Bakı) klubları görüşüblər. Oyun 5:2 hesabı ilə paytaxt hokkeyçilərinin xeyrinə qurtarıb.

Ölkə birinciliyinin bürünc mükafatları uğrunda qruplarda 2-ci yerləri tutan “Atasport”(Binə) və “Göytəpə”(Cəlilabad) komandaları mübarizə aparıblar. Gərgin və maraqlı keçən qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə başa çatdığından qalib penalti seriyasından sonra müəyyənləşib. Bu imkandan daha yaxşı istifadə edən “Atasport” 1 top fərqlə qalib gələrək bürünc medallara layiq görülüb.

Yeniyetmə oğlan hokkeyçilər arasında ölkə birinciliyinin qalibi isə “Sumqayıt-2” - “Şəki” matçında aşkar olunub. Sumqayıtlılar final görüşündə də rəqibini böyük hesabla (10:0) məğlub edərək qızıl medallara sahib olub.

Qalib komanda fəxri kubok və qiymətli hədiyyələr, ilk 3 yeri tutanlar isə müvafiq olaraq medal və GİN-nin diplomları ilə təltif olunublar.

Müxtəlif nominasiyalar üzrə fərqlənən 3 ən yaxşı hokkeyçi də qiymətli hədiyyələrlə mükafatlandırılıb. “Atasport” komandasının üzvü Elxan Hüseynzadə “Ən yaxşı oyunçu”, İlkin Rəsulzadə (“Şəki”) “Ən yaxşı qapıçı”, Kənan Cabbarov isə “Sumqayıt-1” ölkə birinciliyinin “Ən sərrast hücumçusu” (21 qol) adına layiq görülüblər.