11:57 19-11-2012
news_image
1719
DÖYÜŞ NÖVLƏRİ

Albert Səlimov: Karyeramı başa vurmağı düşünürdüm

“Son vaxtlar heç bəxtim gətirmirdi, uğursuzluqlar məni izləyirdi. Bakıda keçirilən dünya çempionatında guya rəqibə qurşaqdan aşağı zərbə endirdiyim üçün diskvalifikasiya olundum”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə dünya və Avropa çempionu Albert Səlimov deyib.

WSB liqasında “Baku Fires” klubunun heyətində debüt edən rusiyalı müəyyən müddət karyerasını bitirmək haqda düşünüb: “Daha sonra Trabzonda – Avropa Olimpiya təsnifat turnirində zədələndiyimdən döyüş yarımçıq dayandırıldı və Londona gedə bilmədim. Açığı, bundan sonra karyeramı başa vurmağı düşünürdüm. Amma məşqçim Nuripaşa Talibov “Baku Fires” klubu ilə anlaşdıqdan sonra məni də bura dəvət etdi. Təklifi müsbət cavabladım”.

Səlimov İqnasio Perrinlə (Argentina) döyüşün onun üçün asan keçmədiyini də bildirib: “İlk döyüş asan olmadı. Amma potensialımı tam şəkildə ortaya qoymadım. Gücümü qoruyaraq vuruşdum. Nəzərə almaq lazımdır ki, qarşıda da bizi çətin döyüşlər gözləyir. Ümumiyyətlə, Olimpiya boksu ilə WSB arasında kifayət qədər fərqlər var. Orada bir raundda bəzən tam gücünü qoya bilirsən. Burda isə sonadək ehtiyatı əldən verməməlisən. İnanıram ki, qarşıdakı görüşlərdə öz potensialımı tam şəkildə nümayiş etdirə biləcəm”.