11:47 27-11-2012
news_image
770
DİGƏR NÖVLƏR

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda “İdman qurğularının idarə edilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – “İdman və sağlam həyat tərzi ili”nin tədbirlər planına əsasən təşkil olunan yığıncaq bədən tərbiyəsi və idman sahəsində beynəlxalq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyət daşıyır.

Konfransın açılış mərasimi Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında olub. Tədbirdə öncə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, ölkəmizdəki idman qurğuları barədə məlumat verib. Nazir bildirib ki, indiyədək 35 olimpiya kompleksi istifadəyə verilib, eyni zamanda ayrı-ayrı idman növləri üzrə mərkəzlər tikilib. Hazırda 65 min nəfərlik Olimpiya stadionu, gimnastika, boks, cüdo və üzgüçülük komplekslərinin tikintisi davam edir.

“Bütün bunlar ölkəmizdə idmanın düzgün yolla inkişafını göstərir”, - deyən Rəhimov konfrans iştirakçılarına uğurlar arzulayıb. Ardından nazir müavini İsmayıl İsmayılov konfransın reqlamentini açıqlayıb. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə Azərbaycanda idman infrastrukturunun keçdiyi yola nəzər salıb. O, İlham Əliyevin 1997-ci ildə MOK prezidenti seçilməsindən sonra idman qurğularının, habelə qurumun inzibati binasının inşasının reallaşdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn qonaqlar öz ölkələrində idman qurğularının hazırkı vəziyyəti və orada təşkil olunan beynəlxalq yarışlar barədə məlumat veriblər.

Sonda MOK-un baş katibi Ağacan Abıyev idman qurğularının idarə edilməsi ilə bağlı zəruri məsələlərə toxunub. O, belə qurğuların sistemli şəkildə idarə edilməsinin vacibliyindən danışıb.

Açılışdan sonra Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn idman sahəsi üzrə mütəxəssislərin, Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri və digər idman qurğuları rəhbərlərinin “Bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı”, “Regionlarda bədən tərbiyəsi və idmanın inkişafında idman qurğularının rolu”, “İdman komplekslərinin tikintisində əsas tələblər” və başqa mövzular ətrafında məruzələr dinlənilib.

Sabah konfrans yekunlaşdıqdan sonra günün II yarısında tədbir iştirakçıları Otüstü Hokkey Federasiyası, “Sərhədçi” Olimpiya Mərkəzi və Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə yaxından tanış olacaq, Bakı Ekspo Mərkəzində I Azərbaycan Beynəlxalq İdman, idman ləvazimatı və geyim sərgisində iştirak edəcəklər.

Noyabrın 29-da qonaqlar idman qurğularının səmərəli fəaliyyəti və Tennis Akademiyası, “Sərhədçi” Olimpiya Mərkəzi və yenidən qurulmuş Tofiq Bəhrəmov adına Respublika stadionu ilə yaxından tanış olacaqlar.