11:57 28-11-2012
news_image
963
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Bu, sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir

Bu gün Bakı Ekspo Mərkəzində “ITE Group PLC”nin Qafqazdakı tərəfdaşı “İteca Caspian” MMC-nin təşkilatçılığı ilə “I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi” və “Gənclər təşkilatlarının IV respublika sərgisi”nin rəsmi açılış mərasimi olub. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov və “İTE Group” şirkətinin icraçı direktoru Eduard Strun çıxış edərək, sərginin ölkədə idmanın inkişafına diqqətin artması və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılmasını vurğulayıblar.

Rəhimov 2012-ci ili Azərbaycan idman ictimaiyyəti üçün möhtəşəm il adlandırıb: “Bu il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “İdman ili” elan olunub. 2012-ci ildə ilk dəfə ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatı və Formula-3 yarışı təşkil edilib. Həmçinin idmançılarımız London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, xalqımıza böyük sevinc bəxş edib. Bu sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir”.

Nazir idman sərgisinin hər il keçirilə biləcəyini də diqqətə çatdırıb.

Strun isə “I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi” və “Gənclər təşkilatlarının IV respublika sərgisi”nin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib. O bildirib ki, indiyədək müxtəlif sərgilər təşkil etsələr də, idmanla bağlı ilk sərgilərini keçirirlər.
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, “I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi” və “Gənclər təşkilatlarının IV respublika sərgisisi” 3 gün davam edəcək. Burada alpinizm, atçılıq, boks, taekvondo, gimnastika, qolf, stolüstü tennis, voleybol, futbol, üzgüçülük, cüdo, yelkən idmanı və digər idman növləri üzrə federasiyalar təmsil olunur. Bundan başqa, Milli Olimpiya və Paralimpiya komitələrinin stendləri də burada yer alıb.