15:15 28-11-2012
news_image
1119
STOLÜSTÜ OYUNLAR

“Bu, ən yaxşı olimpiada olacaq”

Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə əlaqədar müqavilənin rəsmi imzalama mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, müvafiq sənədləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, eləcə də gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.

AŞF-nin vitse-prezidenti Faiq Hüseynov müqavilə bəndlərinin müzakirəsinin çox gərgin və mübahisəli şəraitdə keçdiyini bildirib. Bununla belə, o, sonda razılığa gəlindiyini açıqlayıb. Həsənov mötəbər yarışlaradək Azərbaycan çempionatlarını yüksək səviyyədə keçirməyə çalışacaqlarını deyib.

Rəhimov bunu Azərbaycan üçün böyük və möhtəşəm tədbir adlandırıb. Onun sözlərinə görə, bu bütün şahmatsevərlərin sevincinə səbəb olub: “Türkiyənin İstanbul şəhərindəki Olimpiada ilə müqayisədə, 2016-cı ildə iştirakçıların sayının daha çox olacağına inanırıq. Bu, ölkəmiz üçün böyük təbliğat, şahmatda isə inkişafın göstəricisi olacaq”.

Nazir bildirib ki, bu müqavilənin imzalanmasından sonra ölkə prezidenti İlham Əliyev tərəfindən Dünya Kuboku və Olimpiada ilə əlaqədar Təşkilat Komitəsinin yaradılmasına dair sərəncam imzalanacaq. Ardından Təşkilat Komitəsinin işçi qrupu yaradacaq və müqavilə bəndlərinin yerinə yetirilməsinə başlanacaq. Bu işdə təcrübəsi olan xarici şirkətinin xidmətindən də istifadə olunacaq.

AŞF prezidenti Rüstəmov 2 möhtəşəm turnirin Azərbaycanda təşkilinin dövlətin, ölkə idmanının dünyada artan nüfuzunun göstəricisi sayıb: “Bu yarışı Azərbaycana həvalə etdiyi üçün FİDE prezidentinə təşəkkür edərəm. Bu, ölkəmiz üçün böyük idman hadisəsi olacaq. Həmçinin indiyədək keçirilmiş olimpiadalar içərisində ən yaxşılarından biri kimi tarixə düşəcək. Buna Azərbaycanın imkanları da var. Əlimizdən gələni edəcəyik ki, hər 2 yarışı yüksək səviyyədə keçirək”.

İlyumjinov isə bildirib ki, bu, təkcə bütün Azərbaycan şahmat azarkeşləri üçün deyil, 177 ölkəni birləşdirən FİDE üçün də əlamətdar hadisədir: “AŞF və nazirliklə müqavilə imzalanıb. Prezident İlham Əliyev son illər şahmatın inkişafı üçün böyük işlər görüb. FİDE Baş Assambleyasının iclasında da bu məsələ müzakirə olunarkən, heç bir tərəddüd olmadı. Çünki Azərbaycan yeganə ölkədir ki, Şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. 128 ən güclü şahmatçı 2015-ci ilin sentyabrında Dünya Kuboku uğrunda mübarizə aparacaq. Onlar namizədlər turnirinə düşmək üçün yarışacaqlar. Təşkilatçı ölkəyə 3 namizədlə təmsilçilik imkanı veriləcək. Gənclər və böyüklərlə yanaşı, uşaqlar da olimpiadada iştirak edəcəklər”.

AŞF-nin digər vitse-prezidenti Mahir Məmmədov FİDE-yə ödənişlər, mükafat fondu, otellər, nümayəndə heyətlərini yerləşdirilməsi, FİDE Baş Assambleyasının keçirilmə şərtləri, ümumi büdcə və digər məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb: “Amma sonra bütün məsələlərdə razılığa gəlinib. Büdcə 15 milyon avro təşkil edəcək. Yüksək standartlara uyğun keçirmək istəyiriksə, yüksək məbləğ də ayırmalıyıq. Bu məbləğdən 3 milyon avrosu Dünya Kubokuna, qalanları olimpiadaya sərf olunacaq. Heç bir iştirakçı mükafatsız qalmayacaq. Dünya Kubokunun mükafat fondu 1 milyon 600 min avro olacaq. Bütün kommersiya hüquqlarına Azərbaycan tərəfi yiyələnəcək”.