12:10 30-11-2012
news_image
1342
DÖYÜŞ NÖVLƏRİ

Ağacan Abıyev: Ən güclü boksçularımız hələ rinqə çıxmayıblar

Ermənistanda gənclər arasında dünya çempionatında iştirak edən Azərbaycan boksçularının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev bildirib.

Azərbaycan boksçularının ayrıca mehmanxanada yerləşdirildiyini, mühafizəsinin təmin olunduğunu deyən Abıyevin sözlərinə görə, idmançıların durumu ilə hər gün şəxsən maraqlanır və heç bir problem yoxdur.

Açılış mərasimində Azərbaycanın dövlət bayrağının qaldırıldığını deyən Abıyev ilk günkü qarşılaşmada Azərbaycan idmançısının uduzmasına da münasibət bildirib: “Bizim ən güclü idmançılarımız hələ rinqə çıxmayıblar. 3 nəfər bu gün döyüşə çıxacaq. Bayrağın aparılması zamanı heç bir problem görmədim. Bu yarış AİBA-nın təşkilatçılığı ilə keçirilir və burada iştiraka hər hansı maneə olarsa həmin ölkə cəzalandırıla bilər. Arenada fit çalınmasına gəlincə, deyə bilərəm ki, bu hər yerdə olur”.