11:38 01-12-2012
news_image
1103
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanın boksçularının İrəvanda ilk qələbələri

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçirilən boks üzrə gənclər arasında dünya çempionatında ilk qələbələrini qazanıb. Apasport.az saytının məlumatına görə, 2-ci gündə rinqə çıxan 3 boksçumuzdan 2-si növbəti mərhələyə çıxıb.

Belə ki, mübarizəyə 1/32 finaldan başlayan Rahil Məmmədli (91 kq) Puerto-Rikodan olan Saret Murielu 17:11 (8:5, 6:3, 3:3) məğlub edib. Onu növbəti mərhələdə venesuelalı Alfonso Floreslə döyüş gözləyir.

Ardından rinqə çıxan Tural Əhmədov (52 kq) Norveçdən olan Hadi Hassan Srura qalib gəlib – 21:12 (7:7, 9:3, 5:2).

81 kq-da döyüşən Rauf Rəhimov isə Gürcüstandan olan Aleksandr Dokvedze ilə döyüşü başa vura bilməyib. Belə ki, ilk 2 raunddan sonra hesab 6:5 (2:3, 4:2) rəqibin xeyrinə olarkən, 3-cü raundda boksçumuz diskvalifikasiya olunub.

Qeyd edək ki, dünya çempionatında ilk təmsilçimiz Nəsrəddin Məmmədov (56 kq) 1-ci döyüşündə uduzub.