16:00 01-12-2012
news_image
946
STOLÜSTÜ OYUNLAR

Rəcəbov yerində qaldı, Məmmədyarov onluğu tərk etdi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Lent.az-ın məlumatına görə, siyahının ilk “10-luğ”una bu dəfə cəmi bir azərbaycanlı şahmatçı daxil edilib.

Bu, Teymur Rəcəbovdur. Yenə 2793 xala malik Rəcəbov 4-cü pillədəki mövqeyini qoruyub. 25 yaşlı qrossmeysterimiz yenə norveçli Maqnus Karlsen (2848), ermənistanlı Levon Aronyan (2815) və rusiyalı Vladimir Kramnikdən (2795) geri qalır.

Ötən siyahıda 10-cu pillədə yer almış Şəhriyar Məmmədyarov isə bu dəfə 1 pillə geriləyib. Məmmədyarov yenə 2764 xala malik olsa da, 11-ci pillədədir. Əvəzində 10-cu pilləni eyni miqdarda xala malik rusiyalı Aleksandr Qrişuk ələ keçirib. Rəcəbov italiyalı Fabiano Karuana (2782), hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand (2775), rusiyalı Sergey Karyakin (2775), bolqarıstanlı Veselin Topalov (2771) və ukraynalı Vasili İvançuku (2766) da qabaqlayır.

Hazırda müalicə olunan daha bir şahmatçımız Vüqar Həşimov isə 2 pillə irəliləyib. Hazırda 2737 xala malik Həşimov 18-ci pillədədir.

Qeyd edək ki, FİDE reytinqində ilk “100-lük”də Azərbaycanın başqa şahmatçısı yoxdur.