21:21 03-12-2012
news_image
1114
DÖYÜŞ NÖVLƏRİ

2 boksçumuz İrəvanda 1/4 finala çıxdı

Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində bu gün daha 3 idmançımız rinqə çıxacaq. Apasport.az saytının məlumatına görə, əvvəlcə 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov 1/8 final mərhələsinin döyüşünü keçirib.

O, almaniyalı Marsel Orsingerlə döyüşdən qalib ayrılıb. İlk raunddan üstünlüyü ələ alan gənclər arasında Avropa çempionumuz ilk hissədə 7:1 hesabı ilə üstün olub. İkinci raundda boksçumuzun eyni hesablı qələbəsi ilə başa çatıb. Bağırov həlledici raunda rahat çıxmasına baxmayaraq, bu dəfə də rəqibinə daha çox dəqiq zərbə endirib – 6:1. Ümumi hesabda 20:3 hesabı ilə qalib gələn Bağırov 1/4 finala vəsiqə qazanıb.

Onun növbəti mərhələdəki rəqibi litvalı Eimantas Stanionis olacaq.

75 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə 1/4 finala vəsiqə əldə etmək üçün venesuelalı Nalek Korbaj Barrera ilə üz-üzə gəlib. Birinci raund boksçumuzun 5:3 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə də eyni hesabla Mayıllı qalib gəlib.

Nəhayət, həlledici raunda həmyerlimiz daha inamlı döyüşüb – 6:2. Nəticədə 16:8 hesabı ilə qalib gələn Mayıllı da 1/4 finala vəsiqə əldə edib.

Son olaraq boksçularımızdan rinqə Tural Əhmədov (52 kq) çıxıb. Həmyerlimizin rəqibi hindistanlı Dheeraj olub. Əhmədov rəqibinə 12:20 hesabı ilə uduzaraq, 1/4 finala çıxa bilməyib.