13:12 04-12-2012
news_image
1280
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionumuz fikrini dəyişdi - FOTO

Taekvondo üzrə Avropa çempionu Təvəkkül Bayramov yenidən hazırlıqlara başlayır. Bu barədə məlumatı apasport.az saytına idmançının özü verib.

Millimizin ağır çəkili taekvondoçusu (+87) yeni ildən məşqlərə başlayacaq. O bu səbəbdən dekabrın sonunda baş tutacaq Azərbaycan çempionatına qatılmağı da planlaşdırmır. Amma idmançı gələcəyi ilə bağlı qərar verdiyini açıqlayıb: “Karyeramı davam etdirmək və bitirmək məsələsi həll olunub. Fikirləşdim ki, hələ özümü göstərə bilərəm. Bunun üçün də yeni ildən hazırlığımı bərpa edəcəm”.

Bayramovun karyerasını bərpa etməsində yığmamızda hələlik davamçısının olmaması da mühüm rol oynayır. Təxminən yarım il hazırlıqlarda iştirak etməyən 31 yaşlı taekvondoçu yenidən böyük idmana qayıdışında hansısa problemlə qarşılaşacağına inanmır: “Düzdür, çəkimdə hələlik güclü idmançı yoxdur. Amma tezliklə bunun olacağına ümidim böyükdür. Mən isə 5-6 aydır məşqlərdən kənardayam. Lakin yeni ildən bunu bərpa edib, formamı yığacağam. Bunun hansısa çətinlik yaradacağına da inanmıram”.