15:10 05-12-2012
news_image
1364
STOLÜSTÜ OYUNLAR

Şahmatçımıza ev verildi - FOTOSESSİYA

Şirvanda 2012-ci il İdman ilinin yekunlarına həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosu xəbər verib. Tədbirdə Şirvan şəhər İcra başçısı Mərdan Camalov, Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Şirvan şəhər idman ictimaiyyəti və gəncləri iştirak edib. Tədbir iştirakçılarına Şirvan şəhərinin 2012-ci ildə idman üzrə göstərdiyi nailiyyətlər barədə statistik rəqəmlər açıqlanıb.

Qeyd edilən dövr ərzində daxili idman yarışlarına 4445 nəfər yeniyetmə cəlb edilib. Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən ümumrespublika yarışlarında 520 nəfər yeniyetmə və gənc Şirvan şəhərini təmsil edib. Onlardan 148 nəfəri 1-3-cü yerləri bölüşüb. Beynəlxalq yarışlarda isə 4 Şirvan təmsilçisi 1-3-cü yerləri tutmuşlar.

Şirvan təmsilçisi şahmat üzrə 6 qat ölkə çempionu, beynəlxalq yarışların qızıl, Avropa çempionatının bürünc medalını qazanmış, beynəlxalq dərəcəli qrossmeyster, dünyanın ilk 100 qadın şahmatçısı arasında yer alan Gülnar Məmmədovaya göstərdiyi nailiyyətlərə görə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil hədiyyə edilib.