15:33 05-12-2012
news_image
1119
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycanda “yoxdu”, “mümkün deyil” kəlməsi eşitmirik” - MÜSAHİBƏ

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov klubunun saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis WSB (Ümumdünya Boks Seriyası) liqasında keçirdikləri 2 görüşdən, 100 faizlik nəticə ilə A qrupunun liderləri sırasında qərarlaşmalarından danışıb. O, həmçinin “Bakı atəşi”nin növbəti görüşündə - dekabrın 15-də doğma divarlar arasında 6 xalla 1-2-ci yerləri bölüşdüyü “Mexico Guerreros”la vacib görüş öncəsi fikirlərini açıqlayıb.

- Artıq Ümumdünya Boks Seriyasında 2 tur geridə qalıb. “Baku Fires” 6 xalla liderlər arasındadır. Cari mövsümün gedişini necə qiymətləndirirsiz?
- Hələ çempionat yeni başladığından nəsə demək çətindir. Açığı, digər qrupdakı vəziyyətə hələ o qədər də diqqət yetirmirəm. Çünki buna indidən elə bir lüzum da yoxdur. Bizim qrupa gəlincə, onu bilirəm ki, Rusiya komandasının heyəti yaxın vaxtlarda güclənəcək. Yanvardan artıq “Dinamo”ya yeni sponsorlar cəlb olunmalıdır. Təbii ki, heyətə də yeni, güclü boksçular dəvət ediləcək. Meksika klubu da qrupumuzda güclü komandalardandır. “Mexico Guerreros” ötən mövsüm də liqada yaxşı təsir bağışlayırdı. Bizim növbəti görüşümüz də Bakıda onlara qarşı olacaq. Doğma azarkeşlər qarşısında qalib gələrək, liderliyimizi möhkəmləndirməyə çalışacağıq.

- Son görüşünüz səfərdə WSB liqasının debütantı Əlcəzairin “Desert Hawks” komandasına qarşı oldu. “Baku Fires”in 3:2 hesabı ilə qələbə qazandığı görüş nə dərəcədə çətin oldu?
- Heyətdə olan əksər boksçularımız uzun müddət idi ki, rinqə çıxmırdılar. Bu səbəbdən də müəyyən çətinliyin yaranacağından ehtiyat edirdik. Bu görüşdə Əshab Abdulxaliqov kimi gənc idmançı komandamızda debüt etdi. Onun hələ 20 yaşı var. İnanıram ki, karyerasında yetərincə uğur qazana biləcək. Özbəkistanlı Orzubek Şaimov da baxmayaraq ki, Olimpiya oyunlarında çıxış edib, təcrübəlidir, amma o da liqada debüt edirdi. Şaimov Əlcəzair boksçusu Samir Brahimini məğlub etməyi bacardı. Qrupda 6 komandanın olması bizə müəyyən qədər riskə getmək imkanı verir. Çalışırıq ki, əlimizdə olan bütün boksçuları yoxlayaq. Məncə, Əlcəzairdəki döyüşdə İsa İsayev də rəqibinə uduzmamışdı. Amma hakimlər qələbəni yerli idmançıya verdilər.

- Heyətə diqqət yetirdikdə superağır çəkidə cəmi 4 boksçunun olduğunu görürük. Məhəmmədrəsul Məcidov da komandaya bu yaxınlarda qoşuldu. Ümumiyyətlə, dünya çempionu nə vaxt rinqə çıxa bilər və +91 kq çəki dərəcəsi sizə gələcəkdə problem yarada bilərmi?
- Məcidov artıq bir müddətdir ki, bizimlə birgə məşq edir. Dekabrın 15-də onu Meksika klubu ilə döyüşdə rinqə buraxmaq fikrindəyəm. Məhəmmədrəsul yetərincə təcrübəli idmançıdır – dünya çempionudur, Olimpiya oyunlarının bürünc mükafatçısıdır. Həm də ən əsası o artıq WSB-də yetərincə döyüşüb. Burdakı boksun nə demək olduğu barədə məlumatlıdır. Düzdür, Məcidovun hələlik pik formasını bərpa etdiyini deyə bilmərəm. Amma həvəslə məşq edir. Şükür ki, sağlamdır, zədə ilə bağlı heç bir problemi yoxdur. Onun “Baku Fires”ə cəlb olunması komandamızı xeyli gücləndirdi. Bu çəkidə heyətdə Hacı Murtuzəliyev, Uzeypat İsmayılov və gənc Əshab Əbdulxaliqov da var. Amma fasilə dövründə superağır çəkiyə yeni boksçular dəvət etməyi düşünürük. Bu çəkinin gücləndirilməsinə ehtiyac verir. Biz 1,5 aya 7 döyüş keçirməli olacağıq. Bu cür sıx qrafikdə 3 heyət olmalıdır. Ona görə də bəzi mövqelər gücləndirilməlidir.

- “Baku Fires”in növbəti döyüşə hazırlığı necə gedir?
- Sərhədçi İdman Olimpiya Mərkəzində məşqlərimizi davam etdiririk. Rəhbərlik bizə hər bir şərait yaradıb. Heç bir çətinliyimiz yoxdur. Boksçulara yüksək səviyyədə qayğı göstərilir. Burda demək olar ki, biz “yox”, “mümkün deyil” kəlməsi eşitmirik.

- Ermənistanda gənclər arasında dünya birinciliyi davam edir. Həmin yarışın nəticələrini izləyirsizmi?
- Bəli, xəbərim var ki, Pərviz Bağırov yarımfinala vəsiqə qazanmaqla bürünc medalı özünə təmin edib. Azərbaycan komandasının İrəvandan mükafatla dönməsi böyük uğurdur. Pərvizin adı “Baku Fires” klubunun da heyətinə daxil edilib. Açığı, mən onu yaxından izləməmişəm. Amma gənc və perspektivli olduğunu deyiblər. Gələcəkdə onun da xidmətindən yararlana bilərik. Onun daha da püxtələşməsi və ustalıq səviyyəsini artırması üçün əlimizdən gələni etməyə hazırıq. Bağırova yarımfinal görüşündə də uğurlar arzulayıram. İnanıram ki, o finala vəsiqə qazana biləcək.