16:30 05-12-2012
news_image
1436
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov: Özümü tanıtmaq istəyirəm

Veteran boksçu Əli İsmayılovun apasport.az saytına müsahibəsi

- Müəyyən müddətdir “kölgə”yə çəkilmisiz. Hazırda nə işlə məşğulsuz?
- Karyeramı məşqçi kimi davam etdirirəm. DİN-də (əvvəlki “Dinamo”) uşaqlara boksun sirrlərini öyrədirəm.

- Peşəkar, yoxsa həvəskar məşqlər keçirsiz?
- Demək olar hər ikisini.

- Artıq məşqçi kimi hansısa yarışlara qatılmısız?
- Yeniyətmələrin Azərbaycan birinciliyində iştirak etmişik. Yetirmələrim 2 qızıl medal qazandı. Dekabrın 15-də başlayacaq Abbas Ağalarov xatirəsinə həsr olunmuş turnirində gənclər yığmasının heyətində də 4 idmançımız yer alacaq. Onlar hazırda milli ilə birgə təlim-məşq toplanışındadırlar. Ardınca yanvarı – böyüklər arasında Azərbaycan çempionatını gözləyirik. Oraya da lazımı heyət buraxacağıq. Boksçu olduqda qarşıma məqsəd qoymuşdum ki, Azərbaycanın ən güclü, ən yaxşı idmançısına çevriləm. Şükür Allaha, həmin istəyimə nail oldum. İndi məşqçilik karyeram başlayıb, burada da eyni məqsədi çalışdırıcı kimi qarşıma şərt qoymuşam. Özümü tanıtmaq istəyirəm.

- Əvvəllər DİN boksçularına görə həmişə öyünüb. Həmin nüfuzu qaytarmaq mümkün olacaqmı?
- Bəli, əsas planımız odur ki, DİN-in məşhur boks məktəbini yenidən bərpa edək. Rauf Cabbarovun vaxtında yığmanın hamısı bu klubu təmsil etdiyi kimi yenə də onu bərpa edək. İnşallah, qısa bir müddətdə - 2-3 ilə DİN yenə birinci olmağı bacaracaq. Bu bütün yaş qruplarına aiddir.

- Böyüklər arasında yığmaya məsləhət görə biləcəyiniz boksçu varmı?
- Əlbəttə var. Hələlik adlarını açıqlamaq istəməzdim. Gözləyək Azərbaycan çempionatrını. 5-6 prespektiv vəd edən boksçularımız var ki, onlar öz çəkilərində milliyə real namizəddirlər. Özü də 1 nömrə kimi.

- Bir müddət öncə yığmada da işləyəcəyini bildirirdiniz. Bu məsələ nə yerdədir?
- Təkliflər qüvvədədir. İnşallah, yanvarı gözləyək. Yeni ildə yəqin ki, federasiyanın iclasından sonra bu məsələyə aydınlıq gələcək.

- Yəni, bu təyinat həmin vaxt reallaşa bilər…
- Bəli.

- Siz peşəkar boksdan getdikdən sonra yolunuzu davam etdirən yoxdur. Bunu nə ilə əlaqələndirərdiz?
- Düzdür, yoxdur. Bu sual cavanlarımıza ünvanlanmalıdır. Hansı səbəblərə görə həvəskar boksla vidalaşdıqdan sonra bunu seçmirlər. Başa düşürəm, bu idman növü həddən artıq çətindir, əziyyətlidir. Amma çox fərəhlidir. Bu, çətin yolun sonudur. Zirvələrə qalxırsan və karyerana nöqtə qoyursan. Görünür, gənclər çətinlik çəkmək istəmirlər. Hazırda asan yolu seçirlər ki, bu da indiki zamanda alınmır.

- Amma karyeranızı bitirdiyiniz zaman bir neçə idmançını ətrafınıza toplamışdıniz. Onlar arasında Azərbaycan millisinin sabiq üzvü Cavid Tağıyev də vardı…
- Heç nə edə bilmədilər. Yoxlama döyüşləri də keçirdik. Amma həvəsdən düşmüşdülərmi, “sönmuşdülərmi” bilmirəm. Gördüm ki, artıq elə bil boksdan “doymuş” idmançılara çevrildilər. Buna görə də bəlkə istəmədilər. Bir sözlə, onların gözlərində qığılcım görmədim. Söhbət edirdim, soruşurdum ki, peşəkar rinqə çıxmaq istəyirsizmi? Real və konkret cavab olmurdu. Başa salırdım ki, qərar bir olmalıdır. İstəyərdim deməzlər. Arzulayırsansa, qarşına məqsəd qoyaraq, məşqlərdə əziyyət çəkməlisən, can qoymalısan. Yoxsa istəyərdim, belə olaydı… “Əgər”, “məgər” sözləri olmamalıdır. Buna görə də cavanları hazırlamağa başlamışıq.