15:25 07-12-2012
news_image

Azərbaycan çempionatının keçirilmə tarixi bilindi

Dekabrın 18-21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edəcəklər. Şəxsi xarakter daşıyan çempionatda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq. Həmin güləşçilər həm də ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Proqrama əsasən dekabrın 18-19-da yunan-Roma güləşçiləri, 20-21 dekabrda isə sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da başlayacaq. Yarışların təntənəli açılış mərasimi 18 dekabr saat 17.00-da keçiriləcək.