18:16 07-12-2012
news_image
1122
STOLÜSTÜ OYUNLAR

İsmət Abasov Stolüstü Tennis Federasiyasının prezidenti oldu

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) 2009 - 2012-ci illərdə fəaliyyətinin yekunlarına həsr olunmuş VI seçki-hesabat konfransı keçirilib. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransı açan ASTF prezidenti, kənd təsərrüfatı naziri İsmət Abasov konfransın qurumun Nizamnaməsinə uyğun aparıldığını diqqətə çatdırıb.

O, qeyd edib ki, ASTF-nin hesabat–seçki konfransı əlamətdar vaxtda keçirilir. Başa çatmaqda olan 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçirilməklə bərabər Azərbaycanda “İdman ili” elan olunub. Nazir bildirib ki, idman sahəsindəki uğurlarımız ildən-ilə artır. Abasov olimpiya növləri içərisində stolüstü tennisin populyarlığı ilə seçildiyini vurğulayıb. Federasiya prezidenti qeyd edib ki, ölkəmizdə tarixi ənənələrə malik olan bu idman növü hazırda kifayət qədər kütləviliyi ilə seçilməsə də, stolüstü tennisə maraq az deyil. Gənclərin stolüstü tennisə olan marağını və həvəsini artırmaq üçün ASTF tərəfindən davamlı silsiləli tədbirlər həyata keçirilir. Yığma komandamızın üzvləri həm respublika daxili, həm də dünya və Avropa çempionatlarında iştirak edirlər.

ASTF-nin baş katibi İbrahim Əfəndiyevin hesabatı da dinlənildikdən sonra nazir İsmət Abasov yeni müddətə - 2013 - 2016-cı illər üçün yekdilliklə federasiya prezidenti seçilib.