02:10 11-12-2012
news_image
1298
DÖYÜŞ NÖVLƏRİ

Toğrul Əsgərov: Mənim necə oynadığımı onlar bilir - MÜSAHİBƏ

Olimpiya çempionu Toğrul Əsgərov “Kəpəz” klubunun saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, Gəncə güləş məktəbinin yetirməsi futbolla bağlı verilən suallara aydınlıq gətirib.

- Toğrul, futbolla aran necədir?
- Həyatımda futbolun ayrı bir yeri var. Güləş və basketbolla yanaşı futbol oynamaqdan da böyük ləzzət alıram. Gün ərzində 2 dəfə məşq etsəm, yorulsam belə futbol oynamağa həvəslə razılaşıram. Gecənin istənilən saatında, yuxudan qaldırsalar top qova bilərəm. Demək olar ki, həftədə 2 dəfə futbol oynayıram. Bazar ertəsi və cümə günləri uşaqlarla yığışıb oynayırıq. Futbola marağım olduqca çoxdur. Hərdən mənə deyirlər ki, sən güləşlə futbolu dəyişik salıbsan. Dost-tanış deyir “gərək futbolçu olardın, onda həyatın bəlkə tamam başqa cür olardı”.

- Gəncədə uşaq və yeniyetmələr güləş və ya futbola meyl edirlər. Buna görə fikrini soruşduq.
- Futbola həqiqətən də həvəsim çoxdur. Bunu dost-tanışdan soruşa bilərsiniz ki, mən necə futbol oynayıram. 100 faiz əminəm ki, güləşçi olmasaydım, futbolçu olacaqdım.

- Hansı klublara və yığmaya azarkeşlik edirsən?
- Dünya klublardan “Barselona”ya , yığmalardan isə İspaniya və Argentinaya azarkeşlik edirəm. Və əlbəttə ki, Gəncəmizin “Kəpəz”nə.

- “Kəpəz”in adını sonuncu dedin.
- (gülür) Siyahı belə alındı. İlk növbədə “Kəpəz”ə azarkeşlik edirəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam. Tez-tez gedib oyunlarına baxmışam. İndi vaxt azlığına görə gedib baxa bilmirəm. Hec televizorda da izləyə bilmirəm. Çünki məşqlərdən vaxt olmur. Yorğun oluram. Bu üzdən də məşqdən sonra dincəlmək, yatmaq lazımdır. Mütləq imkan tapıb “Kəpəz”in qarşıdakı oyunlarına baxmağa gedəcəyəm. İdmançılarla bir yerə yığışanda, yığmanın məşq toplanışında olanda futboldan çox danışırıq. Hərə azarkeşlik etdiyi komandadan danışır. Güləş yığmamızın üzvü Cəbrayıl Həsənov Astaradandır. Cənub bölgəsindən olduğu üçün “Xəzər Lənkəran“a azarkeşlik edir. Hər dəfə Lənkəran komandasını öyür. Gəncəli olduğumdan mən də “Kəpəz”dən danışıram. Yaxşı da, pis də oynasa, özümüzün komandamızdır. Hərə öz klubunu təriflədiyindən, bu barədə öz aramızda intriqa da olur.

- “Kəpəz”lə bağlı xəbərlərlə haradan məlumat alırsan?
- Mətbuatı az izləyirəm. Elə televizora da az baxıram. Ona görə dost-tanışdan nəsə öyrənməyə çalışıram. “Neftçala” klubunun rəsmiləri arasında bir dostum var. Futbolun içində olduğu üçün onunla danışıb, Gəncə futbolu haqda məlumat alıram. Bilirəm ki, artıq Gəncədə ikinci komandada var. Uşaqlardan “Tərəqqi”nin və “Kəpəz”in oyunları, nəticələri haqda maraqlanıram.

- İdmançı kimi həm də “Neftçi” cəmiyyətinin üzvüsən. “Kəpəz”lə “Neftçi” arasında tarixi rəqabət var.
- Bunu bilirəm. Mən Gəncə -“Neftçi” idmançısı kimi güləşirəm. “Neftçi”nin üzvü olsam da, mənim üçün birinci sırada “Kəpəz”dir. Birinci “Kəpəz”ə azarkeşlik edirəm. Sonrakı sırada “Neftçi”dir. “Kəpəz”in hazırkı durumunu bilirəm və komandamızın yenidən uğurlu çıxışlarını davam etdirəcəyinə inanıram. Gəncədə idmana həmişə maraq olub. Peşəkarları bir kənara qoyaq, şəhərimizdə çox sayda həvəskar futbolçu, yaxşı oynamağı bacaran insan var. Mini meydançalarda axsam saat 6-dan 12-yə kimi boş vaxt tapmaq olmur. Hamı boş vaxtlarında futbol oynayır.