13:14 11-12-2012
news_image
1063
DİGƏR NÖVLƏR

Avropa Oyunlarında idmançıların sayı müəyyənləşdi

2015-ci il Avropa Oyunlarında iştirak üçün Azərbaycana gələcək idmançıların sayı müəyyənləşib. Apasport.az məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Avropa Olimpiya Komitəsi 7000 idmançı təklif etsə də, Azərbaycan tərəfi buna razı deyil: “Biz 4000-4200 idmançının olmasını istəyirik. London olimpiadasında təşkilatçılar bütün ölkələrin nümayəndə heyətlərinə say məhdudiyyəti qoyurdular. Elə isə biz niyə bunu etməyək? Bizə texniki heyətin ümumilikdə 2630 nəfər olmasını təklif edirlər, amma biz bununla da razı deyilik. 910 rəsmi qonaq təklif edirlər. Bununla bağlı da müəyyən təkliflərimiz olacaq. Yəni, ölkəmizə gələcək bütün iştirakçıların sayını biz müəyyənləşdirəcəyik. Peşəkarlar seçilərək, bizə kömək üçün işə cəlb olunacaqlar”.

Rəhimov Avropa Oyunlarından sonra da Azərbaycanda böyük idman tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb: “2016-cı ildə keçirəcəyimiz Ümumdünya Şahmat Olimpiadasına 170 ölkə qatılacaq. Həmin il 20 yaşadək futbolçular arasında Avropa birinciliyi ölkəmizdə keçiriləcək. 2017-ci ildə İslam Oyunları təşkil edəcəyik. 2019-cu il Universiadasını Bakıda keçirməyi planlaşdırırıq. 2020-ci il Avropa çempionatının oyunlarına paytaxtımızın da namizədliyini verəcəyik”.