18:55 14-12-2012
news_image

“Qələbəmlə hamını sevindirəcəm”

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) III turunun Baku Fires (Azərbaycan) və Mexico Guerreros (Meksika) komandaları arasında dekabrın 15-də keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, çəki mərasimindən sonra “Baku Fires”in baş meneceri Rizvan Gənciyev, komandanın baş məşqçisi Nuripaşa Talibov, Mexico Guerreros-un baş meneceri Mariana Kaballero baş məşqçi Farançisko Bonilla və WSB-nin supervayzeri Yun Yan mətbuat konfransında iştirak ediblər.

WSB-nin supervayzeri hər iki komandanın liderlər qrupunda olmasının görüşün maraqlı və gərgin keçəcəyindən xəbər verdiyini bildirib: “Hər iki komandaya uğurlar arzu edirəm. Görüşün ədalətli idman mübarizəsi şəraitində keçəcəyinə inanıram”.

“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev meksikalılarla qarşılaşmaya ulduz heyətlə çıxacaqlarını vurğulayıb: “Sabah komandamızın heyətində dünya və Avropa çempionlarını, Olimpiya oyunlarının mükafatçılarını görə biləcəksiz. Yalnız 85 kq-da mübarizə aparacaq Hacımurad Nasrutdinov gəncdir, hələ ki onun heç bir titulu yoxdur. Ötən mövsüm meksikalıları hər iki qarşılaşmada, həm evdə, həm də səfərdə məğlub etmişdik. Rəqibimiz hazırda liderdir. Amma buna baxmayaraq, sabah da qalib gələrək, qrupda 1-ci yeri ələ keçirmək istəyirik. Yeri gəlmişkən, dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramıdır. Bu münasibətlə federasiyamızın prezidenti Kəmaləddin Heydərovu da təbrik edirəm”.

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov idman həvəskarlarını maraqlı döyüşün gözlədiyini deyərək, hər kəsi ”Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Fires”ə dəstək olmağa çağırıb. Talibov yanvarda start götürəcək ölkə çempionatında klubun 12 boksçusunun iştirak edəcəyini söyləyib. Meksika klubunun baş meneceri Mariana Kaballero bu dəfə boksçularının rinqə revanş hissi ilə çıxacaqlarını söyləyib: “Ötən çempionatda hər iki görüşdə “Baku Fires”ə uduzsaq da, qarşılaşmalar bərabər mübarizə şəraitində keçmişdi. Yəni aşkar şəkildə rəqibdən geridə qalmadıq. Hazırda qrupun lideriyik və rəqibi də yaxşı təhlil etmişik. Odur ki, Bakıda istədiyimiz nəticəni əldə etməyə çalışacağıq”.

Olimpiya oyunlarından sonra ilk dəfə rinqə çıxacaq Məhəmmədrəsul Məcidov bu günü səbirsizliklə gözlədiyini deyib: “Mən artıq bir müddətdir ki, məşq edirəm. Səbirsizliklə rinqə çıxacağım günü gözləyirdim. İnanıram ki, sabah qələbəmlə hamını sevindirəcəm”.

Xatırladaq ki, matç 15 dekabr saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.